Bu gün qlobal bazarlar üçün çox önəmli statistik məlumatlar – ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq, işsizlik və maaş artımı göstəriciləri açıqlanacaqdır.

“Marja” xəbər verir ki, 2021-ci ilin Yanvar ayında ABŞ-da kənd təsərrüfatı xaric məşğulluğun 50 min artması, işsizlik nisbətinin isə 6,7% təşkil etməsi gözlənilir.

Eyni zamanda Yanvarda orta maaşın ötən ilin Yanvar ayı ilə müqayisədə 5,1%, Dekabr ayı ilə müqayisədə isə 0,3% artacağı nəzərdə tutulur. Dekabrda orta maaş illik 5,1%, aylıq isə 0,8% artmışdı.

Dekabrda ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq 140 min azalmış, işsizlik 6,7% təşkil etmişdi.

Əgər açıqlanacaq məşğulluq göstəricisi proqnozdan (50 min) aşağı olarsa Dollar ucuzlaşa, yuxarı olarsa bahalaşa bilər.

Məlumat Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaqdır.

Kənd təsərrüfatı xaric məşğulluq – kənd təsərrüfatı xaricində son ay ərzində çalışan insanların sayındakı dəyişiklikləri müəyyən edir. Yuxarı istiqamətdə bir tendensiya ölkənin pul vahidinə müsbət təsirə malikdir. İş yerləri, insanların qazanc əldə etməsi və müvafiq olaraq istehlakın artması Ümumi Daxili Məhsula müsbət təsir edir.