Çində iki şirkət Bazar ertəsi günü cəmi 526 milyon dollarlıq istiqraz geri ödəməsini reallaşdıra bilməyib.

 

“Marja” xarici mətbuata istinadən xəbər verir ki, bu vəziyyət, iqtisadiyyatdakı yavaşlama ilə bərabər, yüksək borclu bu ölkədəki artan borc riskinə işarə edir.

 

“Peking University Founder Group” 270 günlük 2 milyard yuan (285 milyon dollar) məbləğindəki geri ödəm üçün maliyyə təmin edə bilməyib. “Tunghsu Optoelectronic Technology Co” isə 1.7 milyard yuanlıq istiqrazın həm faizini, həm də əsas borcunu ödəyə bilməyib.

 

Çində özəl sektor şirkətlərinin artan iflasları, ölkənin içində olduğu son 30 ilin ən pis iqtisadi yavaşlamasından və ABŞ ilə bitməyən ticarət anlaşılmazlığından qaynaqlanan maliyyə çətinliklərini vurğulayır. Keçən həftə, sənaye şirkəti “Xiwang Group” 1 milyard yuanlıq istiqraz borcunu ödəyə bilməmişdi.