Bu gün ABŞ Mərkəzi Bankının (Fed) İyun toplantısı başa çatacaq və dünyanın ən böyük iqtisadiyyatının mərkəzi bankı faiz qərarını açıqlayacaqdır.

Marja xəbər verir ki, Fed-in faizini 0,25% səviyyəsində dəyişməz saxlayacağı, lakin “lazımi dəstəyi vermək” öhdəliyi götürəcəyi gözlənilir.

Fed qərarını Bakı vaxtı ilə saat 22:00-da açıqlayacaqdır, saat 22:30-da isə Fed sədri Cerom Pauelin mətbuat konfransı başlayacaqdır. Fed sədrinin verəcəyi açıqlamalar bazarlar tərəfindən diqqətlə dinlənəcəkdir.

DOLLAR UCUZLAŞIR

Dolların qiyməti Fed-in yığıncağı əvvəlində mühüm valyutalar qarşısında üç ayın aşağı səviyyəsinə geriləyib. Dolların 10 mühüm valyuta qarşısında dəyərini göstərən Bloomberg Dollar İndeksi 0,5% də geriləyərək 1198 səviyyəsinə düşüb (Bakı vaxtı ilə saat 10:20-yə olan qiymət).

Daha yumuşaq pul siyasətinə dair gözləntilər dollar üzərində təzyiq yaradır. Fed faizdə dəyişiklik etməsə də, iqtisadiyyatı dəstələmək üçün qiymətli kağızlar alışını artıraraq dövriyyəyə daha çox pul kütləsi ötürə bilər.