Hədəf 7 milyard dollar bazar dəyərinə çatmaqdır.

Braziliyanın ən böyük ödəniş sistemi Elo ABŞ-ın ikinci ən böyük səhm birjası olan NASDAQ-da Səhmlərin İlkin Kütləvi Yerləşdirilməsinə (IPO) hazırlaşır.

Marja xəbər verir ki, şirkətə yaxın olan mənbələrin bildirdiyinə görə, Elo bunun üçün anderrayter qismində 6 iri bankı seçib. Bunlardan 3-ü ABŞ-ın Morgan Stanley, Goldman Sachs və JPMorgan&Co. bankları, digər üçü isə Braziliyanın Banco Bradesco SA, Banco do Brasil SA və Caixa Economica Federal banklarıdır.

Elo yuxarıda adları qeyd olunan 3 Braziliya bankı tərəfindən 2011-ci ildə Visa və Mastercard sistemləri ilə rəqabət aparmaq üçün bank kartları assosiasiyası olaraq qurulmuşdur. Elo kredit və debit kartları, digər xüsusi kartlar və emal şəbəkəsi kimi maliyyə xidmətləri göstərir. 2020-ci ilin sonuna Elo artıq 132 milyon bank kartı təhvil vermişdir. 2016-cı ildən başlayaraq, şirkətin müştərilərinə verdiyi kartlar ABŞ-da ödəniş vasitəsi kimi tanınmışdır.

Banco Bradesco SA, Banco do Brasil SA və Caixa Economica Federal bankları Elo-da malik olduqları payın yalnız bir hissəsini satmaq qərarına gəlib. Bu ilin ikinci yarısında baş tutması planlaşdırılan IPO-da şirkətin 7 milyard dollar bazar dəyərinə çatması hədəflənir.

Koronavirus pandemiyasında sonra Braziliyada kartla ödənişlərin həcmi 8 faizdən çox artıb. Ölkənin kart assosiasiyası bu il artımın 20%-i keçəcəyini proqnozlaşdırır. Elo ötən ili 838 milyon Braziliya realı (reais) (150 milyon dollar) xalis mənfəətlə başa vurub.

1 dollar = 5.60 reais.