ABŞ-ın “Boeing” aviasiya istehsalçısı “Boeing 737 MAX” laynerlərinin nasazlığına görə öz səhmdarları ilə saziş imzalamaq barədə razılığa gəlib.

AZƏRTAC “The Wall Street Journal” nəşrinə istinadla xəbər verir ki, “Boeing” saziş çərçivəsində öz səhmdarlarına 225 milyon dollar ödəyəcək. Kompaniyanın rəhbərliyi daxili işlər üzrə ombudsman vəzifəsi təsis edəcək, habelə aviasiya təhlükəsizliyi sahəsində təcrübəsi olan daha bir nəfər direktorlar şurasına üzv təyin olunacaq. Noyabrın 5-də imzalanan saziş təsdiq edilməsi üçün məhkəməyə göndəriləcək.

Xatırladaq ki, “Boeing 737 MAX” təyyarələrinin istismarı iki böyük qəzadan sonra dayandırılmışdı. 2019-cu il martın 10-da “Ethiopian Airlines” aviakompaniyasına məxsus “Boeing 737-MAX” təyyarəsinin qəzaya uğraması nəticəsində 157 nəfər, 2018-ci il oktyabrın 29-da isə İndoneziyanın “Lion Air” aviakompaniyasına məxsus eyni model təyyarənin qəzaya uğraması nəticəsində isə 189 nəfər həlak olmuşdu.

“Boeing” kompaniyası hər iki təyyarənin manevretmənin yaxşılaşdırılması sisteminin (MCAS) işində qəzadan öncə nasazlıq olduğunu etiraf etmişdi. Bundan sonra ABŞ və Avropa İttifaqı ölkələri də daxil olmaqla, bir çox ölkə bu modelli təyyarələrdən istifadəni dayandırmışdı.