Bu ilin yanvar-mart aylarında “Bakı Fond Birjası” QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 2 076,041 milyon manat təşkil edib.

“Report” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46,1% azdır.

Bununla belə, ötən 3 ayda bağlanmış əqdlərin sayı isə 5,6% artaraq 1 149 olub.

BFB-nin dövriyyəsinin 42,8%-i, yaxud 887,902 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 75,8% azdır.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 9,3 dəfə artaraq 765,676 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 4,2 dəfə artaraq 422,461 milyon manat olub.