“Holcim Azərbaycan” səhminin qiyməti kəskin bahalaşıb.

Fiziki şəxs səhmdarların dividend və səhmlərin baha qiymətə alınması tələbindən sonra “Holcim Azərbaycan” ASC-nin səhminin qiyməti bahalaşıb.

Bu gün Bakı Fond Birjasında “Holcim Azərbaycan” səhminin alış qiyməti 29 manat, satış qiyməti isə 30,45 manatdır.

Avqustun sonunda Bakı Fond Birjasında “Holcim-Azərbaycan” ASC-nin 1 səhmi 20 manata alınıb, 21 manata satılırdı. Beləliklə, Sentyabrda  “Holcim Azərbaycan” səhmi 45% bahalaşıb. Səhmin nominal qiyməti 20 manatdır.

Xəbər verdiyimiz kimi, sement istehsalçısı “Holcim-Azərbaycan” ASC-nin bir qrup fiziki şəxs səhmdarı səhmlərə dividend ödənilməsini və sonra səhmlərin yüksək qiymətə alınmasını tələb edirlər. “Holcim-Azərbaycan” ASC-nin fiziki şəxslərdən səhmləri almağa hazır olduğu və bu məqsədlə vəsait ayrıldığı bildirilir.

2017-ci illə müqayisədə 2018-ci ildə “Holcim Azərbaycan”ın satışdan cəmi gəlirləri 9 milyon 334 min manat və ya 8,7% artaraq 116 milyon 332 min manat təşkil edib. “Holcim Azərbaycan” ASC 2017-ci ili 1 milyon 759 min manat, 2018-ci ili isə 7 milyon 67 min manat xalis mənfəət ilə başa vurub.

“Holcim Azərbaycan”ın 94 milyon 880 min manat bölüşdürülməmiş mənfəəti var və 10 ildən artıqdır səhmdarlara dividend ödənilmir.

“Holcim Azərbaycan” illik 1,9 milyon ton sement istehsalı gücünə malikdir.

@Marja