Azərbaycanda səhm almağa imkan yaradacaq elektron mağaza yaradılacaq.

Bunu “APA-Economics”ə “Investme” layihəsinin rəhbəri Emin Sultanov deyib.

Onun sözlərinə görə, mağaza investor və sahibkarlar arasında investisiya əlaqələrini yaxşılaşdırmaq məqsədilə yaradılan “investme.az” onlayn platforma çərçivəsində fəaliyyət göstərəcək: “Birjanın necə işlədiyini, səhmləri necə alacağını bir o qədər dərindən bilməyən, lakin vəsaitini yatırmaq istəyən müştərilər sözügedən platforma vasitəsilə istədiyi şirkətin səhmlərini əldə edə biləcək. Əlbəttə, bu əməliyyatları aparmaq üçün zəruri olan hüquqi və maliyyə komponentlər mövcuddur. Məhz buna görə də bu layihədə tərəfdaş qismində “BTB Capital Investment” investisiya şirkəti çıxış edir”.

Layihə rəhbəri onu da əlavə edib ki, elektron mağaza vasitəsilə müştərilər həm yerli, həm də ABŞ, Avropa və Türkiyə şirkətlərinin səhmlərini ala biləcək.