Azərbaycanın aparıcı faktorinq şirkəti “Ferrum Kapital” MMC “Bakı Fond Birjası” QSC-də istiqrazlarını yerləşdirməyə hazırlaşır.

“Report”un əldə etdiyi məlumata görə, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 2 500 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqrazdan (2,5 milyon manatlıq) gedir.

Qiymətli kağızlar rəqabətli hərrac üsulu ilə yerləşdiriləcək və 1 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliyi 12,5%-dir. Faizlər ayda bir dəfə ödəniləcək. Prosesin anderrayteri “Unucapital İnvestisiya Şirkəti” ASC-dir.

İstiqrazların tədavüldə olduğu müddətdə emitentin onları geri alması nəzərdə tutulmayıb. Fiziki şəxslər istiqrazlar üzrə onlara ödənilən faizlərdən (kupon) vergi ödəməyəcəklər. Hüquqi şəxslər isə əldə etdikləri faizlərin 10%-i qədər vergi ödəməli olacaqlar.

Xatırladaq ki, “Ferrum Kapital” yerli və beynəlxalq faktorinq xidmətlərinin göstərilməsi məqsədi ilə 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 000 manatdır. Şirkətin təsisçiləri “AQA Şirkətlər Qrupu” QSC (72,5%) və “Vesta Konsaltinq” MMC-dir (27,5%).

Yeri gəlmişkən, “Ferrum Kapital”ın istiqrazlarının zəmanətçisi qismində onun əsas səhmdarı çıxış edir. Əgər emitent öhdəliklərini yerinə yetirməzsə, investorlara istiqrazların dəyərini və hesablanmış faizləri “AQA Şirkətlər Qrupu” ödəyəcək.