“The Wall Street Journal” (WSJ) ABŞ Ticarət Nazirliyinin statistikasına istinadən yazır ki, birinci rübdə ABŞ vətəndaşları investisiyalar, dividendlər, depozitlər üzrə faizlər, qiymətli kağızlar və s. şəklində ümumilikdə 3.7 trilyon dollar qazanıblar. Bu, mütləq rekord olub, belə ki, əvvəlki rekorddan 770 milyard dollar çoxdur. WSJ-nin müsahibəsində iştirak edən ekspertlər və bazar iştirakçıları qeyd edirlər ki, inflyasiyanın artması fonunda amerikalılar qiymət artımını kompensasiya etmək üçün xeyli aktiv şəkildə sərmayə qoymağa başlayıblar.

Eyni zamanda, fond bazarındakı əlverişli vəziyyət və yüksək uçot dərəcələri investisiyalar üçün müsbət rol oynayıb. Süni intellekt texnologiyalarının artan populyarlığı fonunda son vaxtlar bahalaşan yüksək texnologiyalı şirkətlərin səhmlərinə investisiyalardan əldə olunan gəlirlər xüsusilə artıb.

Amerikalılar əldə etdikləri gəliri ya mal və xidmətlərə xərcləyirlər, bununla da istehlakçı tələbini stimullaşdırmış olurlar, ya da yenidən investisiya edirlər. Mütəxəssislər qeyd edirlər ki, yüksək istehlak tələbi bir tərəfdən iqtisadiyyatı stimullaşdırır, digər tərəfdən isə mal və xidmətlərin bahalaşmasına dəstək verir.