Bu həftə qlobal fond bazarındakı ən mühüm hadisə ABŞ-ın və dünyanın onlayn satış nəhəngi – “Amazon” şirkətinin bazar dəyərinin ilk dəfə 1 trln. dolları keçməsi oldu.

“Report”un analitik qrupu xatırladır ki, bu, onun 1 səhminin qiymətinin 2 050,5 dollara çatması hesabına baş verdi.

Xatırladaq ki, 1 trln. dollarlıq hədəfə nail olmaq üçün “Amazon”un ticarətə buraxılmış 487 741 189 ədəd səhminin hər biri 2 050,27 dollar dəyərə malik olmalıdır. Hazırda isə qiymət 1958,31 dollardır ki, bu da şirkətin bazar dəyərini, təxminən, 995 mlrd. dollara endirib.

Səhmdarlarına divident ödəməyən “Amazon”un səhmlərinin kəskin bahalaşması onun şirkətin xidmətlərinin yüksək səviyyədə şaxələndirilməsi ilə bağlıdır. “Amazon” ötən il ərzağın topdan satışına qoşulmuşdu. Üstəlik onun marketinq proqramları “Facebook” və “Google” kimi texnologiya nəhənglərinin belə proqramlarını üstələyir.

Bundan başqa, şirkət bu ilin II rübündə 789 mln. dollarlıq vergi güzəştlərinin hesabına 2,534 mlrd. dollar xalis mənfəət əldə edib ki, bu da illik müqayisədə, təxminən, 13 dəfə çoxdur. Son nəticədə ötən il bu vaxt 1 səhminin qiyməti 979,47 dollar olan “Amazon” özünü 2 dəfə bahalaşdıra bilib.

Maraqlıdır ki, onlayn satış nəhənginin qiymətə minməsinə ABŞ prezidenti Donald Trampdan ona gələ biləcək təhlükələr mane olmayıb. Ölkə rəhbərliyinin “Amazon”un sahibi Ceff Bezosun siyasi fəaliyyətindən xoşunun gəlmədiyi və şirkətə qarşı hansısa addımlar atacağı deyilsə də, görünən odur ki, bu xəbərlər özünü doğrultmur və investorların “Amazon”la bağlı getdiyi risklər elə də çox deyil.

“Amazon”la yanaşı, ABŞ-ın “Apple” korporasiyası da bu il bazar dəyərini 1 trln. dollara çatdırmağı bacarıb. Bunun səbəblərindən biri təqdimatı keçirilmiş yeni “Iphone X” modelidir. Bundan başqa, bu ilin II rübündə şirkət 11,519 mlrd. dollar xalis mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 32,1% çoxdur və hər səhm üzrə rüblük 2,94 dollar divident deməkdir.

Ümumilikdə, 2018-ci ilin ABŞ-ın texnologiya şirkətləri üçün uğurlu olacağı gözlənilir. “Microsoft”, “Google” kimi şirkətlərin də uğurlu performans nümayiş etdirəcəklər istisna deyil. ABŞ-ın iqtisadi göstəriciləri də yaxşıdır. Bu cür şəraitdə investorlar daha yaxşı qazanc gətirən texnoloji səhm bazarı barədə olduqca nikbin mövqedə olurlar. Doğrudur, bəzən həddindən artıq nikbinlik kəskin dəyər itkisi və bazarın özünü korreksiyası prosesi ilə nəticələnsə də, bu, hələ ki, ABŞ-ın səhm bazarı üçün xarakterik deyil. Odur ki, ABŞ şirkətlərinin səhmlərinə investisiyalar perspektivlidir.