ABŞ fond birjalarında dünən, fevralın 13-də yeni tarixi rekordlar qeydə alınıb. Əsas fond indeksi olan “Dow-Jones” 142,79 bənd və ya 0,7% artaraq 20 412,16 bəndə, “S&P 500” və “Nasdaq” indeksləri isə 0,52% artaraq müvafiq olaraq 2 328,22 və 5 763,96 bəndə çatıb.

Qeyd edək ki, “S&P 500” indeksi 2 324,22 bəndi keçdiyində onun tərkibində yer alan şirkətlərin məcmu kapitallaşması ilk dəfə 20 trln. ABŞ dollarını ötüb. ABŞ-ın yeni prezidentinin seçildiyi gündən etibarən bu indeks ölkədə vergi dərəcələrinin azaldılması, infrastruktur xərclərinin artırılması və tənzimləyici qanunların yumşaldılması gözləntiləri ilə 9% artım göstərib.

Dünən, həmçinin “Apple” şirkətinin səhmlərinin qiyməti ticarət gününün sonunda 0,89% yüksələrək 133,29 dollara – tarixi rekord həddə çatıb. Şirkətin səhmlərinin qiyməti yanvarın 31-də açıqlanan müsbət illik hesabatdan sonra 9,8% artıb. “Apple”in səhmlərinin bahalaşmasının davam etməsinə “Goldman Sachs” bankının yaxın 1 il ərzində şirkətin səhmlərinin qiymətinin 150 dollara qədər yüksəlməsi ilə bağlı proqnozu təsir edib.

Report