ABŞ-da gəlir əyrisinin tərsinə dönməsi durğunluq narahatlığına səbəb oub. Dünən açıqlanan statistik göstəricilərdən sonra qorxular daha da artıb. Bu şəraitdə səhmlər satış təzyiqi altında qalır.
“Marja” xəbər verir ki, investorlar ABŞ istiqraz bazarlarındakı kəskin hərəkətlər zamanı nə edəcəklərini və bu hərəkətlərin ABŞ iqtisadiyyatı haqqında nə ifadə etdiyini müəyyən etməyə çalışırlar.
ABŞ-ın 10 illik istiqrazının gəlirliliyi həftənin əvvəlində 15 ayın ən aşağı səviyyəsi olan 2.377%-ə qədər düşdükdən sonra  2.432%-ə yüksəlib. Ancaq qısamüddətli istiqrazların gəlirliliyi uzunmüddətli istiqrazların gəlirliliyindən yüksək qalmaqda davam edir. ABŞ-ın 3 aylıq iqstirazının gəlirliliyi 2.461%-dir və bu, 10 illik istiqrazın gəlirliliyindən yüksəkdir.
Qısamüddətli istiqrazların uzunmüddətli istiqrazlardan daha çox gəlir gətirməsi gəlir əyrisinin tərsinə çevrilməsi adlanır. Ötən 50 ildə ABŞ-da baş verən bütün durğunluqlar ərəfəsində görülən bu hal sonuncu dəfə keçən həftə Cümə günü baş verib və investorlarda narahatlıq yaradıb. Gəlir əyrisinin tərsinə dönməsilə səhm bazarlarından “qaçış” müşahidə edilib.
Bəzi investorlar səhm bazarlarının toparlanacağını düşünürlər. Ancaq dünən açıqlanan göstəricilər hər kəs üçün ümidverici deyildi.

ABŞ-da yeni mənzil tikintiləri Fevral ayında proqnozlardan aşağı artıb və təxminən iki ilin ən aşağı səviyyəsinə düşüb. İstehlakçı inam indeksi gözləntilərin əksinə azalma qeyd edib.
ABŞ iqtisadiyyatı ilə yanaşı, dünyanın böyük iqtisadiyyatlarında – Çin, Avropa və Yaponiya iqtisadiyyatlarında da artım yavaşlayır. ABŞ və Çin arasındakı ticarət gərginliyi və Brexit kimi faktorlar iqtisadiyyatlar üzərində təzyiq yaradır.