Yay aylarında Bakıda mənzil bazarında qiymətlər sabit olub. Nisbi dəyişmələr, artımlar olur, amma bu, ümumi bazara təsir edəcək səviyyədə deyil.

Bunu Trend-ə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Ramil Osmanlı deyib.

O bildirib ki, bütövlükdə bazarı mövsüm üçün qeyri-dinamik hesab etmək olar.

“Məsələyə iqtisadi tərəfdən yanaşsaq, qiymətlərin ciddi artımı üçün makro-iqtisadi təsirlər müşahidə olunmur, yəni bazara təsir edəcək əhəmiyyətli proseslər yoxdur. Lakin Bakıda şəhərsalma ilə bağlı müəyyən tədbirlər həyata keçirilir, bir sıra köhnə binalar sökülərək, yerinə yeni binalar tikilir. Bu mənada, qiymətlərə müəyyən təsir olar bilər, ilin sonuna doğru qiymət artımına doğru meyillər müşahidə edə bilərik”, – deyə o qeyd edib.

Güzəştli ipoteka kreditlərinin verilməsinin mənzil qiymətlərinə təsiri haqqında danışan R.Osmanlı bildirib ki, güzəştli ipoteka ilə bağlı müəyyən limit açılan zaman müraciətlərin artımı müşahidə olur.

“İldə təqribən iki dəfə qısa dövr ərzində, misal üçün, təqribən bir ay ərzində bazarda müraciətlərin sayı artır, qiymətlərdə müəyyən artım müşahidə olunur. Bu artım daha çox ucuz evlərdə müşahidə olunur. Çünki ipoteka üzrə limit 150 min manatdır. Bu gün isə bu qiymətə ipotekaya yararlı ev tapmaq çətinləşib”, – deyə o əlavə edib.