Bu ilin ilk 6 ayı ərzində ölkə vətəndaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin tikintisi sürətlə davam etdirilib.

Trend-in məlumatına görə, bu barədə MİDA-nın 2017-ci ilin 6 ayı ərzində fəaliyyətinin nəticələrinə həsr olunan hesabat iclasında bildirilib.

Qeyd olunub ki, Kompleksin 24.12.2016-cı il tarixində təməli qoyulmuş ilk 9 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsinin tikintisi aparılır, 3 mərtəbəli ümumtəhsil məktəbinin binasının isə tikinti-quraşdırma işləri artıq tamamlanmaq üzrədir.

Bildirilib ki, hər iki tikilinin 2018-ci ilin yay aylarında tam təhvil verilməsi planlaşdırılır. 29 yaşayış binasından ibarət olacaq Yasamal Yaşayış Kompleksinin hazırda 25-nin tikintisi, habelə elektrik enerjisi, su, qazla təminatı və kanalizasiya sistemini əhatə edəcək mühəndis-kommunikasiya şəbəkəsinin yaradılması işləri paralel olaraq həyata keçirilir.