Azərbaycanda rayon və şəhərlərin müfəssəl planlarının tətbiqi yenə ləngiyir. FED.az xəbər verir ki, müfəssəl planların tərtibi Azərbaycanda 2013-cü ildən qüvvəyə minmiş Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulub. Məcəlləyə əsasən, müfəssəl plan şəhərlərin, qəsəbələrin, kəndlərin əraziləri və ya onların ərazi hissələri üçün hazırlanır və burada şəhərsalma fəaliyyətinin tənzimlənməsi üçün məcburi hüquqi qüvvəyə malik qaydalar təsbit olunur.

Məcəlləyə görə, müfəssəl planlarda tikinti ilə bağlı mühüm məqamlar əksini tapmalıdır. Belə ki, burada tikinti məqsədləri üçün ərazidən istifadənin növü və miqyası, tikinti qaydası (üsulu), üzərində tikinti aparılması mümkün olan və olmayan torpaq sahələri, eləcə də tikinti obyektlərinin yeri, tikinti aparılan torpaq sahələri üçün həcm, en və uzunluq baxımından minimal ölçülər, yerin təkindən və torpaqdan qənaətlə və səmərəli rəftar olunması ilə əlaqədar yaşayış məqsədləri ilə istifadə edilməsi nəzərdə tutulan ərazilər üçün həmçinin maksimal ölçülər, torpaq sahələrindən istifadə ilə bağlı zəruri digər obyektlər üçün ərazilər (asudə vaxt və istirahət üçün ərazilər), eləcə də dayanacaq yerləri və qarajlar üçün ərazilər və sair əksini tapmalıdır.

Qanunvericiliyə əsasən, müfəssəl plan icra hakimiyyətləri tərəfindən hazırlanmalı və ictimaiyyət üçün açıq olmalı, o cümlədən internet səhifədə açıqlanmalıdır. Məhz müfəssəl planda rayon və şəhərin hansı ərazilərində tikintinin mümkün olub olmaması, eləcə də hansı növ tikililərin aparıla biləcəyi əvvəlcədən göstərilməlidir.

Bu yanaşmanın məqsədi ondan ibarətdir ki, tikinti icazəsi almaq istəyən investor və sahibkarlar müfəssəl planla əvvəlcədən tanış olaraq planlarını dəqiqləşdirsinlər, eləcə də bu yanaşma tikintiyə icazə alınması prosesində şəffaflığı artırmalı, subyektivlik və ayrı-seçkilik hallarının qarşısını almalıdır.

Amma əksər rayon və şəhərlərdə yerli icra hakimiyyətləri bu sənədi hazırlayıb bitirmədiklərinə görə, müfəssəl planların tərtibi ardıcıl bir neçə ildir ki, təxirə salınır.

Dövlət Arxitektura və Şəhərsalma Komitəsindən FED.az-a bildirilib ki, müfəssəl planların hazırlanması bundan sonra da müəyyən müddət çəkəcək. Komitənin beynəlxalq əlaqələr və informasiya texnologiyaları şöbəsinin müdiri Rüfət Mahmud bildirib ki, hazırda Bakının Baş planının hazırlanması üzərində işlər həyata keçirilir: «Hazırda bununla bağlı tender elan edilib. Qanunvericiliyə əsasən, müfəssəl planlar da əşh baş plan əsasında tərtib edilir. Ona görə də Bakı şəhərində müfəssəl planların hazırlanıb tətbiq edilməsi Baş Planın hazırlanmasından sonra mümkün olacaq».

Şöbə müdirinin sözlərinə görə, ona qədər olan müddətdə tikinti üçün icazə almaq istəyənlər şəhərin hansı ərazilərində hansı tipli tikintilərin aparılması ilə bağlı məlumatları komitəyə müraciət etməklə dəqiqləşdirə bilərlər.