Neftin qiymətinin ucuzlaşması və devalvasiyadan sonra bank sektorunda yaranan gərgin vəziyyətin hələ də davam etməsi barədə söz açmışdıq. Bəllidir ki, bankların zəifləməsi, bəzi hallarda bağlanaraq sıradan çıxması kiçik və orta sahibkarlığın işinə də mənfi təsir edir.
Strateq.az maliyyə institutlarında baş verən geriləmələrin tikinti sektoru və daşınmaz əmlak bazarına təsirlərini araşdırıb.
Bank sektorundakı vəziyyət artıq həm ilkin daşınmaz əmlak bazarına, həm də təkrar bazara birbaşa və dolayısı ilə təsir edib. İlkin bazara təsir daha çox tikinti sektoruna yönələn ipoteka kreditlərinin həcminin məhdudlaşdırılmasında özünü büruzə verib. Bu isə bütövlükdə tikinti sektoruna mənfi təsir göstərib.
Tikinti layihələri təxirə düşə bilər
Bu günlərdə sosial şəbəkələrdə geniş müzakirə mövzusu olan “7 Hills” (“7 təpə”) layihəsinin müştəriləri ilə yaranan problemləri söylədiklərimizə nümunə ola bilər. Belə ki, müştərilər ödənişlərin edildiyi halda, tikintinin müqavilələrdə göstərilən vaxtdan xeyli gecikməsindən narazılıqlarını bildiriblər.
Qeyd edək ki, “7 Hills” Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə birbaşa əməkdaşlıq çərçivəsində, bankın ayırdığı ipoteka kreditləri hesabına tikilməli idi. “7 Hills” (“7 təpə”) layihəsinin marketinq meneceri Nərmin Quliyevanın mediaya açıqlamasından belə anlaşıldı ki, layihənin başlamaması məhz ABB-dəki problemlə bağlıdır: ““7 Hills” mənzil-tikinti kooperativi (MTK) ilə Beynəlxalq Bank arasında birgə fəaliyyət haqqında 22 dekabr 2014-cü ildə bağlanmış müqaviləyə əsasən, layihənin satışı üçün müştərilərin ipoteka krediti vasitəsilə maliyyələşdirilməsi və ümumiyyətlə layihənin tikintisinin maliyyələşdirilməsi barəsində bankla razılığa gəlinib. Lakin bankda baş verən struktur dəyişiklikləri nəticəsində bu proses dayandırılıb”.
Bu, hazırda baş verən yeganə hal deyil. Söhbət dövlət ipoteka proqramından yox, bankların öz vəsaitləri hesabına həyata keçirdikləri ipoteka kreditləşməsindən gedir. Ümumiyyətlə, bu sahədə “Bank Technique” və ABB böyük oyunçulardan idilər və onlar artıq bu bazarı tərk ediblər.
Digər tərəfdən, dövlət ipoteka kreditləşməsi ilə əlaqədar da problemlər yaranib. Devalvasiyadan sonrakı dövrdə isə manat kreditlərinin məhdudlaşdırılması da mənzil bazarına öz mənfi təsirini göstərib.
“AAAF İnşaat” MMC yeni layihə başlayır
Bunu digər tikinti şirkətlərinin təmsilşiləri də istisna etmirlər.
“AAAF İnşaat” MMC-nin mətbuat katibi Kənan Məstəliyev Strateq.az-a açıqlamasında görülən işlər və gələcək planlarından danışıb: “Hazırda tikintini davam etdirməklə bağlı heç bir problemimiz yoxdur. “AAAF İnşaat” MMC öz tikinti prosesini müəyyən edilmiş qrafik üzrə davam etdirir. Əsas layihəmiz olan – AAAF Park Yaşayış Kompleksi üzrə bütün işlər qaydasındadır, hətta Astarada eyni layihənin tikintisinə start verilib. “AAAF Park Astara” da özünəməxsus dizayn və landşafta malik olacaq, sakinlərinə xüsusi üstünlüklər verəcək. Şirkətimizdə qısa yox, uzunmüddətli planlar hazırlanır və ona uyğun olaraq addım atılır. Binaları qısa müddətdə təhvil verərək, yeni layihələri həyata keçirmək istəyirik. Ləngimə, problemimiz yoxdur”.
K.Məstəliyev maliyyə sektorundan və neft gəlirləri sahəsində baş verən dəyişikliklərin tikinti şirkətlərinə də təsirsiz ötüşməyəcəyini vurğulayıb: “Proqnozlara gəlincə, şəxsi fikrim budur ki, neftin qiymətinin düşməsi özünü tikinti sektorunda da göstərə bilər və bu təbiidir. Qeyri-neft sektorumuz son illərdə inkişaf etsə də, Azərbaycan gəlirlərinin çox hissəsini qara qızıl sayəsində qazanır. Alıcıların gəlirlərində azalması onların alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olması da təbiidir. Nəzərə alsaq ki, mənzil sıradan məhsul deyil və yetərincə böyük məbləğə başa gəlir, insanların ev alma planları təxirə düşə bilər. Belədə mənzillərin qiymətlərinin aşağı salınması baş verə bilər. Bunu bazar özü tənzimləyəcək”.
Alt-üst olan proqnozlar
Xatırladaq ki, hələ ötən ilin son rübündə ekspertlər daşınmaz əmlak bazarının stabilləşəcəyini proqnozlaşdırmışdılar. Çünki bütün mənfi amillər qiymətlərin bahalaşmasında əksini tapmışdı. Digər tərəfdən, ölkə başçısının göstərişi ilə ipoteka kreditləşməsinə ayrılan vəsaitin həcminin artırılması ilə bazarda canlanma yaranacağı göslənilirdi. Lakin neftin qiymətinin kəskin uzuclaşması fonunda baş verən dəyişikliklər gözləntiləri alt-üst etdi.
Daşınmaz əmlak bazarında və tikinti sektorunda yaranan vəziyyəti şərh edən iqtisadçı Rəşad Əliyevdollar kapitallarının da bazarda dəyişiklik yaratmadığını bildirdi: “Bank sektorunda narahatçılıqların meydana gəlməsi əmanətlərin daşınmaz əmlak bazarına yönəlməsinə stimul yaratmalı idi. Lakin bu baş vermədi. Devalvasiyadan sonra əhalidə əhəmiyyətli həcmdə dollar kapitalı formalaşmışdı. Qiymətlərin aşağı düşməsi onlarda daşınmaz əmlak almağa stimul yaratmadı. Qiymətlərlə bağlı pessimist gözləntilər investorları bazardan kənar dayanmağı məcbur edir. Bunun digər səbəbləri də var. Hazırda daşınmaz əmlakın investisiya cəlbediciliyi xeyli aşağı düşüb”.
Ucuzlaşma hansı həddə olacaq?
Ekspert bu sahədə geriləmələrdə neft amilinin rolunu xususi qeyd etdi: “Neftin qiyməti daşınmaz əmlak bazarına birbaşa və dolayı yolla təsir göstərir. İlin əvvəlində neftin qiyməti ən aşağı səviyyəyə endi və sonradan qalxmağa başladı. Fevral ayında devalvasiya baş verdikdən sonra iqtisadiyyat yeni şəraitə uyğunlaşmağa başladı. Daşınmaz əmlak bazarının yeni şəraitə uyğunlaşması mərhələsi isə çox gec çəkdi. Səbəb isə bazarda olan çaşqınlıqla yanaşı, bir sira digər amillərin bazara təsir etməsi oldu. Aprel ayından iyul ayına kimi neftin qiymətinin 60 dollardan yuxarı səviyyədə qalması makroiqtisadi sabitlik yaratdı. Neft amili artıq daşınmaz əmlak bazarından uzaqlaşmağa başlayırdı. Qiymətlərdə enmə davam edirdi ki, bunun əsas 3 səbəbi var idi: devalvasiya zamanı bir sıra hallarda əsassız qaldırılan qiymətlərin əvvəlki vəziyyətə qayıtması; bazara yönələn pul axınının azalması; yay mövsümünün başlanması”.
Bəllidir ki, bazar qiymətləri, adətən, iqtisadi şəraitə uyğun olaraq formalaşır. Ona görə də bazarda baş verən dəyişiklik digər sahələrdə də özünü göstərir. Rəşad Əliyev ötən illə müqayisədə təkrar mənzil bazarında ucuzlaşmanın müşahidə edildiyini bildirib: “Keçən ilin pik həddindən bu vaxtadək təkrar bazarda qiymətlər dollar ifadəsində orta hesabla 30 faizə kimi ucuzlaşıb. Ucuz əmlaklar daha az qiymətdən düşüb. Bu il isə iyul ayında proqnozlaşdırılırdı ki, sentyabr ayında artıq qiymətlərin stabilləşməsi baş verəcək. Ancaq avqust ayının əvvəlindən artıq neftin ucuzlaşmasının 2-ci dalğası başlayıb və artıq BRENT markalı neftin qiyməti 40 dollara yaxınlaşır. Bunun daşınmaz əmlak bazarına təsiri neftin qiymətinin nə qədər aşağı düşəcəyindən və həmin səviyyədə hansı müddət qalmasından asılı olacaq. Daşınmaz əmlak bazarında qiymətlərin hazırki səviyyədə qalması üçün neftin qiyməti hazırki səviyyədən xeyli yüksək olmalıdır. Belə olmasa, qiymətlər dollar ifadəsində düşməkdə davam edəcək. Neftin qiymətinin enişi qısamüddətli olsa, bunun bazara təsiri az olacaq”.
Proseslər göstərir ki, əsasən bank kreditlərinə güvənən tikinti sektorunda neft amilindən qaçmaq mümkün olmayacaq. Ucuzlaşma mənzil bazarından da yan keçməyəcək. Lakin tikintinin ləngiməsi, yeni layihələrin baş tutmaması müəyyən problemlərin ortaya çıxmasına səbəb ola bilər…
Fərqanə Allahverdiqızı
Strateq.az