Bakı şəhərinin təkrar mənzil bazarında qiymətlərdə müşahidə olunan azalma 2015-ci ilin sonuncu ayında davam edib.

“Report”un “MBA Ltd.” qiymətləndirmə və konsaltinq şirkətinin monitorinq qrupunun açıqladığı hesabata əsasən verdiyi xəbərə görə, təkrar yaşayış mənzil bazarında satışa təklif olunan yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti ötən ay 1 545 dollar/кv.m-dən 2,2 % azalaraq 1 511 dollar/кv.m-ə qədər, milli valyuta ilə isə ay ərzində 1 622 manat/кv.m-dən 1 577 manat/кv.m bəndinə qədər enib.

Ümumilikdə, əmlak bazarında gözləmə mövqeyi tutan mənzil satıcılarının sayında dekabrda azalma qeydə alınıb ki, bu da öz növbəsində təklif portfelinin artmasına gətirib çıxarıb. Əvvəlki aylarda olduğu kimi bu ay da, təklif edilən mənzillərin əksər hissəsi Nəsimi, Xətai, Nərimanov və Yasamal rayonlarında qeydə alınıb.

Təklif edilən mənzillərin əksər hissəsi 1 500 dollar/kv.m qiymətindən aşağı olan ucuz mənzillərdir, bu dəyərdə olan mənzillər ümumi portfelin 55,7%-ni təşkil edir və qeydə alınan orta bazar qiyməti 1 182 dollar/kv.m-dir. Ümumi təklif portfelinin 32%-ni 1 500-2 000 dollar/kv.m qiymət diapazonunda yerləşən mənzillərin payına düşür. Bu qiymət diapazonunda qeydə alınan orta bazar qiyməti 1 722 dollar/kv.m-dir. Bazardakı bahalı mənzillər, yəni hər kvadrat metrinin dəyəri 2 000 dollar/kv.m-dən çox olan mənzillərin bazardakı payı isə 12,3% təşkil edir. Bahalı növ mənzillərdə qeydə alınan orta bazar qiyməti isə 2 449 dollar/kv.m təşkil edib.

Təkrar yaşayış mənzil bazarında kvadrat metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil “arxitektur” layihəli 5 otaqlıda qeydə alınıb. “Sahil” metro stansiyası yaxınlığında yerləşən 220 kv.m sahəyə malik olan, yaxşı təmirli mənzilin kvadrat metrinin satışa təklif olunan qiyməti 4 500 dollar təşkil edib. Ən ucuz mənzil isə Nərimanov rayonunda, Montin qəsəbəsində yerləşən zəif təmirli 80 kv.m-lik sahəyə malik “italyan” layihəli, 2 otaqlı mənzildə qeydə alınıb – 525 dollar/kv.m.

Qeyd edək ki, alıcıların sayında isə nisbətən artım olduğundan, dekabr ayında mənzil bazarının aktivliyi əvvəlki aya nisbətən 3% artıb.