Azərbaycanda Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) xətti ilə inşa edilən güzəştli mənzilləri nağd qaydada alanlar üçün ayrıca satış təşkli ediləcək. FED.az xəbər verir ki, bu prezident İlham Əliyevin 14.01.2019-cu il tarixli 469 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda dəyişikliklərdə nəzərdə tutulur.

Dəyişikliyə əsasən, mənzilləri öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək almaq istəyən şəxslər üçün satış elanı veriləcəkdir. Başqa sözlə, mənzilləri nağd şəkildə almaq istəyənlər həm ümumi satış elanlarından, həm də məhz nağd şəkildə alan vətəndaşlar üçün təşkil edilən satışlarda iştira edə biləcək.

Qeyd edək ki, güzəştli mənzillərin nağd satışı zamanı satış qiymətinə əlavə endirimlər tətbiq edilir.

“Güzəştli mənzil” sistemində olan bu yeniliklər 2019-cu il mayın 1-dən etibarən tətbiq ediləcəkdir.