Vergi Məcəlləsinə əsasən, fiziki şəxs sökülmüş binada yerləşən yaşayış sahəsində azı 3 təqvim ili ərzində (sökülmüş binanın yerində tikilən yeni binada yaşayış yeri üzrə qeydiyyatda olduğu müddətlər cəmlənməklə) yaşayış yeri üzrə qeydiyyatda olduğu halda, sökülmüş binanın yerində tikilən yeni binadan həmin fiziki şəxsə verilən yaşayış sahəsinin təqdim edilməsi də sadələşdirilmiş vergidən azad edilib.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu zaman sadələşdirilmiş vergidən azadolma yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş və özündə yaşayış sahələrinin sökülməsini və sökülmüş yaşayış sahəsinin müqabilində yeni yaşayış sahəsinin verilməsini təsdiq edən arayış əsasında fiziki şəxsin sökülmüş yaşayış sahəsinin həddində tətbiq edilir.

Qeyd olunub ki, sökülmüş yaşayış sahəsinin əvəzində verilən ərazisi 125 kvadratmetr olan yaşayış sahəsi təqdim edilərkən (müvafiq arayış notariusa təqdim olunmaqla) 120 kvadratmetr sahə vergidən azad olunur, 5 kvadratmetr sahə isə ümumi qaydada sadələşdirilmiş vergiyə cəlb edilir.