Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) son bir ildə getdikcə fəaliyyət dairəsini daha da genişləndirən sosial tədbiri olan “kütləvi çıxarış” kampaniyası 7 avqust tarixində Balakən rayonunda xidmət göstərib.
«Bir pəncərə» prinsipi işə düşüb
Komitədən fins.az-a verilən məlumata görə, vətəndaşlar bu kampaniyadan “bir pəncərə” prinsipinin tətbiqi ilə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı bütün ilkin xidmətlərdən yararlana bilirlər. Balakəndə də təşkil olunan “kütləvi çıxarış” kampaniyası rayon sakinlərinə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı həm sənədlərin qəbulu, hazır çıxarışların verilməsi və yerlərdə hüquqi yardım xidmətləri göstərib.
Bütün əmlaklar sənədləşdiriləcək
Kampaniya əvvəllər yalnız xüsusi sosial təbəqədən olan və əvvəlki illərdə müxtəlif qurumlar tərəfindən verilmiş mülkiyyətə dair sənədlərin çıxarışlarla əvəz olunmasını nəzərdə tuturdusa, indi isə ümumiyyətlə vətəndaşların daşınmaz əmlaklarının dövlət qeydiyyatına alınmasını əhatə edir. Kampaniya ucqar kənd sakinlərinin, rayon, şəhər mərkəzlərinə gələ bilməyən vətəndaşların komitənin mobil ofislərində mülkiyyətə dair sənədlərini təqdim etməsini və çıxarış almasını təmin edir.
«Mobil ofislər»lə aparılan kampaniya
“Kütləvi çıxarış” kampaniyasının regionlarda təşkilinin başlıca məqsədi vətəndaşın xidmətə çatması deyil, xidməti vətəndaşa çatdırmaq, vaxta qənaət, rahatlıq və çevikliyi təmin etməkdir. Qeyd edilməlidir ki, bilavasitə yerlərdə davamlı olaraq təşkil edilən bu kampaniya komitənin mobil ofis xidməti vasitəsi ilə keçirilir. Bu xidmətlə bağlı komitənin rəsmi internet səhifəsində (vətəndaşlar üçün bölməsində) respublika üzrə fəaliyyət göstərən aylıq mobil ofis xidməti qrafiki yerləşdirilir. Maraqlanan vətəndaşlar 148 saylı (daxili 5) çağrı mərkəzinə müraciət etməklə xidmətdən faydalana bilir.
Əmlak sənədini evində alanlar da var
Balakəndə həyata keçirilən kampaniya çərçivəsində bir sıra fiziki məhdudiyyətli vətəndaşlara birbaşa öz evlərindəcə qeydiyyat xidmətləri göstərilmşidir. Kampaniya çərçivəsində ümumilikdə 550-ə yaxın vətəndaşa daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər göstərilib. Belə ki, 300-ə yaxın rayon sakininə dövlət reyestrindən çıxarış verilib, 150-yə yaxın vətəndaşdan daşnmaz əmlaka, həmçinin torpağa dair qeydiyyat üçün zəruri sənədlər qəbul edilib, 100-ə yaxın vətəndaşa hüquqi yardım xidmətləri göstərilib.
Sənədli əmlaklar artır
«Kütləvi çıxarış» kampaniyası getdikcə daha böyük əhali kütləsini özünə cəlb etməyə səbəb olub. İndiyədək kampaniya çərçivəsində ümumilikdə 4350-ə yaxın vətəndaşa xidmətlər göstərilib.Bu kampaniya və əmlakın qeydiyyatının sürətləndirilməsi daşınmaz əmlakla bağlı alqı-satqı proseslərini stimullaşdırır. Qeydiyyat arealının genişlənməsinə, etibarlı və təhlükəsiz mülkiyyət sahiblərinin artmasına səbəb olur. Daşınmaz əmlakların iqtisadi proseslərə cəlb olunmasını və vətəndaşların gəlir mənbəyinə çevrilməsini təmin edir.