Bu gün paytaxt ərazisində, eləcə də, bölgələrdə icazəsiz tikilən evlərdə yaşayan vətəndaşlar kifayət qədərdir. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən sentyabr ayı üçün açıqlanan nəticələrə əsasən, Azərbaycanda təxminən 500 min qanunsuz tikili var. Bu tikililərdən təxminən 300 mini isə Bakıda yerləşir. Görəsən, vətəndaşlar qanunsuz tikililərini özəlləşdirə bilərlərmi?

Məsələnin hüquqi tərəfini hüquq müdafiəçisi Sahib Məmmədov şərh edib.

O bildirib ki, qanunsuz tikililərin yerləşdiyi ərazidən çox şey asılıdır:

“Azәrbaycan Konstitusiyasının Şәhәrsalma vә Tikinti mәcәllәsində tikintilərin sökülməsinə dair xüsusi maddə var. Azərbaycan Respublikasının Mülki Məcəlləsində özbaşına tikinti və onun nəticələrinə dair, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində bu məsələ ilə əlaqədar maddələr yer alıb.

Əgər sırf fərdi yaşayış evlərindən danışırıqsa, birinci baxmaq lazımdır ki, tikinti harada aparılıb. Məsələn, dövlət və ya bələdiyyəyə məxsus olan torpaqlarda inşa edilən qanunsuz tikililər heç bir halda özəlləşdirilə bilməz. Yaşayış sahəsi üçün nəzərdə tutulmayan torpaqlarda inşa edilən evlər qanunla özəlləşdirilə bilməz və bu evlərin sökülməsi zamanı heç bir kompensasiya nəzərdə tutulmur.

Bəzən bələdiyyələr dövlət torpaqlara aid qanunsuz sərəncam verir və ya hər hansı səlahiyyəti olmayan bir şəxs bu torpaqları başqa bir vətəndaşın istifadəsinə verir. Həmin vətəndaş da bu torpaqda özü üçün yaşayış evi tikir. Bu hallara praktikamızda çox rast gəlinir. Belə halda qanunsuz tikililər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınmır.

Eyni zamanda, torpaq mülkiyyətçisi Şәhәrsalma vә Tikinti mәcәllәsində qeyd edilən normaları pozaraq icazəsiz şəkildə yaşayış evi tikibsə, bu da reyestrə daxil edilə bilməz.

Amma bir məsələ var ki, özbaşına tikililərə mülkiyyət hüququ o zaman tanına bilər ki, şəxs bunu öz adına olan torpaq sahəsində tikmiş olsun. Bu zaman həmin şəxs özəlləşdirmə üçün məhkəməyə müraciət edir. Məhkəmə isə məsələyə baxır və həmin qanunsuz tikilinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata salınmasına dair qətnamə verir.

Başqa bir məsələ isə ondan ibarətdir ki, məhkəmə qərar verərkən nəzərə almalıdır ki, qanunsuz tikililərin dövlət reyestrinə daxil edilməsinə dair verilən qətnamələr digər vətəndaşların hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, onda mülkiyyət hüququ tanına bilməz.

Təsərrüfat işləri üçün nəzərdə tutulan torpaq sahələrində az qala kiçik qəsəbələr salınır ki, bunlar da qanunla rəsmiləşdirilə bilməz.Yalnız bu məsələdə bütün tikililərin sökülməsi adekvat addım olmadığı üçün dövlət qanunlar çərçivəsində müəyyən güzəştlərə gedə bilir.

Dövlət baxır ki, bu kənd təsərrüfatı təyinatı ilə ayrılmış sahədir. Çıxış yolu olaraq torpağın təyinat sahəsi dəyişdirilir və yaşayış təyinatlı edilir. Yalnız bundan sonra həmin torpaq sahəsindəki qanunsuz tikililərə mülkiyyət hüququ tanına bilər”.