“Azəryolservis” ASC-nin nümayəndəsi bir ildir pul gözləyən mülkiyyətçilərə cavab verdi
Mərdəkan qəsəbəsində yol çəkilişi ilə əlaqədar bağ evi plana düşmüş mülkiyyətçilərdən biri “Bizim Yol”a müraciət edərək, təzminatla bağlı suallar ünvanlayıb.
“Sizin daimi oxucunuz kimi aşağıdakı məsələyə “Azəryolservis” vasitəsilə aydınlıq gətirməyinizi xahiş edirəm. Mən Mərdəkan qəsəbəsindəki bağ sahiblərindən biriyəm. Artıq bir neçə ildir ki, Mərdəkan-Şüvəlan yolunun tikintisi ilə əlaqədar Mərdəkanda plana düşmüş bəzi bağ və fərdi ev sahiblərinə kompensasiya verilir. Buradakı elektrik qatar xətləri də sökülüb. Mənim də bağım plana düşüb. Amma artıq bir ilə yaxındır ki, yol tikintisi ləngiyir və inşaat işləri, kompensasiya qeyri-müəyyən vəziyyətdədir”. Sakin evi plana düşən sakinlərə nə zaman kompensasiya veriləcəyi və yolun tikintisinin nə zaman sona çatdırılacağını dəqiqləşdirməyimizi xahiş edib.
Məsələ ilə əlaqədar “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, istənilən yol çəkilişi ilə əlaqədar plana düşmüş hər hansı bir ev sökülürsə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə mülkiyyətçiyə maddi təzminat ödənir. O, bildirib ki, hazırda Buzovna-Mərdəkan-Qala avtomobil yolunun çəkilişi davam edir. “Həmin ərazidə plana düşmüş evlərin bir qisminə müvafiq təzminat ödənilib, digərlərinə də ödənəcək. Ancaq plana düşməsindən asılı olmayaraq,təzminatın ödənilməsi söküntü işlərindən sonra həyata keçirilir. Yəni əgər hələlik ev və ya bağ sahəsi sökülməyibsə, təzminat tələb edilə bilməz. Ödənişlərlə bağlı isə hər hansı bir narahatlıq üçün əsas yoxdur” – deyə “Azəryolservis” ASC-nin sözçüsü bildirdi.
Anar Nəcəfli əlavə edib ki, Buzovna-Mərdəkan-Qala avtomobil yolunun ümumi uzunluğu 12.1 kilometrdir. “Artıq 76.6 kilometr olan birinci hissəsində işlər yekunlaşıb. 4.5 kilometrlik digər hissəsində isə tikinti işləri davam etdirilir”.