Azərbaycanda bina tikintisi ilə məşğul olan şəxslərdən vergi tutulmasının yeni qaydaları qüvvəyə minib. Fins.az-ın məlumatına görə, yanvarın 1-dən qüvvəyə minən qaydalara əsasən bina tikintisi ilə məşğul olanlar vergini daha sadə şəkildə ödəyəcəklər.
Belə ki, indiyədək qüvvədə olan qaydalara görə, bina tikən şirkətlər həm hər kvadratama görə minimum satış qiyməti olaraq 225 manat götürülməklə (eləcə də müvafiq əmsallar nəzərə alınmaqla) ƏDV, eyni zamanda hər kvadratmetr üçün 10 manat götürülməklə (müvafiq əmsallar nəzərə alınmaqla) sadələşdirilmiş vergi ödəməli idilər. Yeni qaydalara görə isə binatikənlər üçün ƏDV ləğv edilir. Bu şirkətlər binadakı mənzillərin hər m2 üçün 45 manat, qeyri yaşayış sahələrinin hər m2 üçün isə 67,5 manat vergi ödəməli olacaqlar (əmsallar nəzərə alınmaqla).
Artıq Vergilər Nazirliyi «Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilmiş ƏDV-nin və sadələşdirilmiş verginin nəzərə alınması Qaydası»nı təsdiqləyib. Qaydalara əsasən, tikinti şirkəti sadələşdirilmiş vergi üsulunu seçdiyi halda əvvəlki illər üçün hesablanmış ƏDV azaldılır.
Bu zaman şirkətin ilin sonuna təqdim etdiyi hesabat nəzərə alınacaq.
Bu sahəyə marağın böyük olduğunu nəzərə alaraq fins.az «Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilmiş ƏDV-nin və sadələşdirilmiş verginin nəzərə alınması Qaydası»nı təqdim edir.