Azərbaycanda yeni tikililərdən mənzil alanda mənzilin ayrı-ayrı hissələri eyni qiymətə satılsa da, əslində fərqli ödənişlər tətbiq edilməlidir. FED.az xəbər verir ki, bu məqam Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının 2012-ci ildə qəbul etdiyi «Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları»nda nəzərdə tutulub.

Komitənin adı çəkilən qərarında mənzillərin ayrı-ayrı hissələrinin sahəsinin hesablanması qaydası əksini tapıb. Bu qaydaya əsasən, mənzillərin sahəsi hesablanarkən onun ayrı-ayrı hissələrinin sahəsi fərqli əmsallarla müəyfən edilməlidir. Belə ki,mMənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri – 0,3, şüşəbənd və lociyalar – 0,5, eyvanlar (verandalar) – 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır.

Mansarda mərtəbəsində yerləşən mənzilin sahəsi hesabananda isə  tavanın hündürlüyü 2,7 metrdən az olan hissənin sahəsi 0,7 azaltma əmsalına vurulmaqla hesablanır. Eyni zamanda, mansardada yerləşən mənzilin hündürlüyü 2,7 metrdən az olan hissənin sahəsinin həmin mənzilin ümumi sahəsinin 50%-dən çox olmasına yol verilmir.

Başqa sözlə, bu qərara əsasən, balkonun sahəsi hesablananda onun fiziki sahəsi 0,3 əmsalına vurulmalıdır. Nəticədə sahəsi, məsələn 10 kvadratmetr olan balkonun sahəsi əslində 3 kvadratmetr götürülməlidir. Mansardada isə tavanının hündürlüyü 2,7 kvadratmetrdən az olan hissənin sahəsi hesablananda fiziki sahə 0,7 əmlsalına vurulmalıdır. Nəticədə məsələn 50 kvadratmetr olan belə sahə əslində 35 kvadratmetr kimi qəbul edilməlidir.

Komitənin bu qərarının tələbləri mülkiyyət formasından asılı olmayaraq dövlət orqanları, sifarişçilər, layihəçilər, podratçılar və şəhərsalma və tikinti fəaliyyətinin digər subyektləri üçün məcburidir. Şəhərsalma və Arxidektura komitəsində bu qərarın indi də qüvvədə olduğunu təsdiqləsələr də, etiraf ediblər ki, insanların məlumatı olmadığına görə, onlar bu qərarın tələblərindən istifadə etmirlər.

Komitəsinin hüquqşünası Anar Səfərov FED.az-a bildirib ki, mənzillərin sahəsinin hesablanması ilə bağlı bu qərərdan vətəndaşlar yeni mənzil alarkən istifadə edə bilərlər.

Belə ki, satılan mənzilin balkon və ya bu qərarda göstərilən hissələri müvafiq əmsallarla vurulmaqla nəzərə alınmalıdır. Məsələn, alınan evin sahəsi 70 kvadratmetrdir, bunun 10 kvadratmetri balkondursa, müştəri 70 kvadratmetrlik sahə üçün deyil, 63 kvadratmetrlik sahə üçün (60 m2 + 10 m2 X 0,3) ödəniş etməlidir: «Vətəndaşlar mənzil alarkən bu qərarın tələblərindən istifadə edə bilərlər». Hüquqşünas bildirib ki, əgər mənzili satan tərəf, yəni MTK bu tələbə əməl etməsə, vətəndaşlar buna görə məhkəməyə müraciət edib hüquqlarını tələb edə bilərlər.

Qeyd edək ki, hazırda mövcud olan praktikaya əsasən, yeni tikililərdən mənzil alınarkən onun ayrı-ayrı hissələri üçün fərqli deyil, eyni qiymətlər hesablanır.