Azərbaycanın dilbər guşələrinin birində, qocaman meşənin əhatəsində, dənizin sahilində yerləşən Nabran qəsəbəsində “River Inn Boutique Hotel” adlı daha bir müasir istirahət mərkəzi açılıb.
15 hektar ərazidə 13 nömrəlik ikimərtəbəli mehmanxana, 3 ikimərtəbəli villa və bir neçə kottec yerləşir. Kompleksdə cəmi 47 nömrə fəaliyyət göstərir. “River Inn Boutique Hotel”in baş meneceri Vladimir Nikov “Silk Way Travel” şirkəti tərəfindən təşkil edilən press-turun iştirakçılarına deyib: “Avqustun 7-də açılan mərkəz ailəvi istirahət və korporativ tədbirlər üçün nəzərdə tutulub”. Onun sözlərinə görə, kompleks fin üslubda tikilib. Tikinti üçün lazım olan oduncaq Finlandiyadan gətirilib.
İstirahət edənlərin sərəncamına istər uşaqlar, istərsə də böyüklər üçün açıq və qapalı hovuzlar verilib. SPA mərkəzdə hidro-aeromasaj təklif olunur. Mərkəzdə türk hamamı və fin saunası fəaliyyət göstərir. Əyləncə mərkəzində istirahət edənlər boulinq, bilyard, habelə oyun avtomatlarında oynaya, kinozalda (eyni zamanda konfrans zalı) filmə baxa, kitabxanaya baş çəkə bilərlər. İstirahət mərkəzinin ərazisində yay kinoteatrı, fitnes mərkəzi, uşaq otağı var.
“River Inn Boutique Hotel”in ərazisindən çay axır. Mərkəzin işçiləri bu çayı River adlandırıblar. Müxtəlif növ balıqların yetişdirildiyi çayın üstündən körpücüklər salınıb. İstirahətə gələnlərə tilovla balıq tutmaq imkanı yaradılıb.
Bolqarıstan vətəndaşı Vladimir Nikov deyib: “Hazırda Xəzər dənizi sahilində çimərlik mərkəzimizdə istirahət edənlər üçün abadlaşdırılır. Biz “River Inn Boutique Hotel”in ilboyu fəaliyyət göstərəcəyini, istər yerli, istərsə də əcnəbi turistlərə xidmət göstərəcəyinə ümid bəsləyirik”. Onun sözlərinə görə, mərkəzdə 81 adam, o cümlədən beş əcnəbi işləyir.
Bakı, 17 avqust, Laçın Sultanova, AZƏRTAC