Azərbaycan tarixi abidələrlə zəngin bir ölkədir. Onların bəzilərinin yaşı qədim zamanlara gedib çıxır, bəziləri isə yaxın keçmişin yadigarıdır. Onların qorunub gələcək nəsillərə çatdırılması isə bizim üzərimizə düşür.

Tovuzun Yuxarı Öysüzlü kəndində yerləşən, 19-cu əsrə aid tarixi evlər Nəsib sultanın nəvələri – Nəsib və Yusif bəy qardaşlarının mülkü olub.

Kənddə 1937-ci ilə qədər yaşayan qardaşlar repressiya dövründə sürgün edilib. Nəsib bəyin evi vaxtilə geniş və çoxsaylı otaqlardan ibarət ikimərtəbəli mülk olub. Sütunlar  qaya daşlarından hazırlanıb. Otaqları isitmək üçün divar peçlərindən istifadə edilib. Bəy evləri 80 ilə yaxın bir müddətdə müxtəlif məqsədlərlə istifadə edilib. Nəsib bəyin evi indi yararsız vəziyyətdə olsa da, 1985-ci ilə qədər məktəb binası kimi fəaliyyət göstərib.

Kənddə yeni təhsil müəssisəsi istifadəyə verildikdən sonra mülk tamamilə boşaldılıb. Yusif bəyin evi isə 1956-cı ildən 1986-cı ilə kimi uşaq evi kimi istifadə olunub. Artıq 30 ildir ki, bina xəstəxana kimi xidmət göstərir.

Sakinlərin sözlərinə görə, hər iki mülkün sahibi xeyirxah insanlar kimi yaddaşlarda iz qoyub. Kənd üçün arxlar, bulaqlar çəkdiriblər. Neçə illərdir bu binaya daxil olmaq təhlükəyə çevrilib. Malikanənin darvazaları üzərindəki simvollar diqqəti xüsusi cəlb edir. Əlində qılınc tutmuş şir və günəş… Xanlıqlar dövründə məşhur olan bu simvollar bu günədək xəstəxana darvazaları üzərində qalmaqdadır. Binalardan biri dövlət tərəfindn qorunsa da, Nəsib bəyin mülkündə bu lövhəyə rast gəlmədik. Dövrünün əzəmətli mülkləri olan bəy evləri indi baxımsızlıq ucbatından acınacaqlı vəziyyətdədir. Yaxın dövrlərdə bərpa edilməzsə, binanın tamamilə çökməsi qaçılmazdır. Tariximizi qoruyaq ki, gələcək nəsillərin qınaq hədəfinə çevrilməyək. |Region TV|

Publika.az