Nüsrət Ibrahimov: «Insanlar yaranmış situasiyada özlərini sığortalamaq üçün mənzillərin qiymətini dollarda göstərəcək»

Dekabrın 21-də manatın məzənnəsində baş verən dəyişiklik ölkə iqtisadiyyatına daha bir sarsıdıcı zərbə endirdi. Fevralın 21-də baş verən ilk devalvasiyadan sonra özünə gəlməkdə olan iqtisadi sistem manatın 48 faizlik ucuzlaşmasıyla üzləşdi. Proseslərdən görünür ki, manatın devalvasiyası ilk olaraq daşınmaz əmlak bazarını vurur.

Ölkədəki 19 milyardlıq kreditin yalnız 7 milyardını istehlak kreditləri təşkil edir. Yerdə qalan 12 milyardlıq kreditin isə əksər hissəsini paytaxtda yerləşən mənzillərin krediti təşkil edir. Amma manatın devalvasiyası mənzil bazarında daha bir problem yaradıb. Belə ki, əgər birinci devalvasyadan sonra mənzillərin qiyməti manat və dollarla göstərilirdisə, ikinci devalvasiyadan sonra bu, çətinlik yaradıb. Çünki hazırda dollarla manat arasında olan fərq 100 min dollarlıq mənzildə 55 min manat təşkil edir. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, manatın hazırkı kursu üzən məzənnədir. Bu isə o deməkdir ki, manatın kursu bundan sonra da dəyişə bilər.

Ekspert Nüsrət Ibrahimov da bildirdi ki, manatın məzənnəsi hər gün dəyişə bilər. Çünki Mərkəzi Bank manatın kursunu üzən məzənnə elan edib: “Manatın dollara nisbətdə məzənnəsi üzən kursla müəyyənləşir. Ona görə kurs hər gün dəyişəbilər. Insanlar yaranmış situasiyada özlərini sığortalamaq üçün mənzillərin qiymətini dollarda göstərəcək. Hazırda mənzil satışında aktivlik çox aşağı səviyyədədir. Gələcəkdə mənzil bazarında aktivliyin artması gözlənilmir”.

Xəyal

Mənbə:Azadlıq.info