“Hazırda manatın dollara nisbətdə möhkəmlənməsi prosesi baş verir”.

Hazırda mənzil bazarında vəziyyət ötən aylardan ciddi fərqlənmir. Sadəcə son dövrlərdə alqı-satqı əməliyyatlarının sayında nisbi artımlar müşahidə edilməyə başlayıb. Digər tendensiya, ümumi dinamik göstəricilər, qiymətlərdə və s artıma doğru dəyişiklik müşahidə edilmir. Əksinə azalmalar var.

Bu barədə Oxu.Az-a açıqlamasında Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin sədri Ramil Osmanlı mənzil bazarındakı son vəziyyəti şərh edərkən deyib.

“Bunu keçən ayla müqayisə etmək bir qədər çətindir. Bir ay ərzində elə də ciddi qiymət dəyişikliyi baş verməyib. Bazarda ümumi tendensiya aylıq göstəricilər üzrə 2-4% nisbətində dəyişir. Yəni, maksimum azalma 4% sayılır.

Amma məsələn ötən ilin müvafiq dövrü ilə müqayisədə və yaxud birinci devalvasiyadan əvvəlki dövrlə müqayisə etmək olar. Mənzil bazarındakı son vəziyyəti 2015-ci ilin əvvəli və 2015-ci ilin mart-aprel ayında qeydə alınan göstəricilərlə müqyaisə etmək olar. Hardasa manatla ifadədə təqribən 30-35%-ə yaxın qiymət azalması müşahidə edilir”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, icarə bazarında qiymətlər 20-22% arasında ucuzlaşıb:

“Eyni zamanda, demək olar ki, bütün əmlakların qiymətlərində azalmalar müşahidə edilməkdədir. Yəni, təkcə mənzildə deyil, kommersiya obyektlərində və s müşahidələr göstərir ki, kirayə və icarə qiymətlərində artıq azalmağa doğru meyillər müşahidə edilməyə başlayıb. Məsələn, icarə bazarında qiymət azalması rəqəmlə ifadə etsək təqribən 20-22%-dir.”

Yaxın gələcəkdə mənzillərin qiymətində artım müşahidə edilə bilərmi? sualına isə ekspert bu cür aydınlıq gətirib:

“Bu cür nisbi dinamik dəyişiklik qiymər artımına gətirib çıxara bilməz. Hesab edirəm ki, bu sadəcə devalvasiyadan sonra baş vermiş bazardakı durğunluğun tədricən, müəyyən qədər aradan qalxması və maliyyə bazarında stabilliyin yaranması ilə bağlıdır. Hazırda manatın dollara nisbətdə möhkəmlənməsi prosesi baş verir. Bu davamlı olarsa, yəqin ki, qarşıdakı aylarda yenidən bir qeyri-müəyyən situasiya yaranacaq”.

Öz növbəsində, “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib ki, hazırda bazarda aktivlik yanvar ayı nisbətdə bir qədər artıb və bazarda qiymətlər bir qədər stabilləşmək üzrədir.