Ötən ilin son ayı üzrə müşahidələr göstərir ki, təkrar yaşayış mənzil bazarında satışa təklif olunan yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti 1545 $/кv.m-dən -2.2% azalaraq 1511 $/кv.m-ə qədər, milli valyuta ilə isə ay ərzində 1622 AZN/кv.m-dən 1577 AZN/кv.m bəndinə qədər enmişdir.

“Marja” xəbər verir ki, MBA Ltd” qiymətləndirmə və konsaltinq şirkətinin monitorinq qrupunun hesabatında bildirilir.

Hesabatda qeyd edilir ki, mənzil bazarında qiymətlərdə müşahidə olunan azalma 2015-ci ilin sonuncu ayında da müşahidə edilmişdir. Alıcıların sayında isə nisbətən artım olduğundan, dekabr ayında mənzil bazarının aktivliyi ötən aya nisbətən 3% artmışdır.

Ümumilikdə əmlak bazarında gözləmə mövqeyi tutan mənzil satıcılarının sayında dekabr ayında azalma qeydə alınmışdır ki, buda öz növbəsində təklif portfelinin artmasına gətirib çıxartmışdır. Təkrar mənzil bazarında təklif həcmi 9.9 % artmışdır.Noyabr ayında ümumi təkliflərin sayı 1083 olduğu halda, bu rəqəm sentyabr ayında 1203 təşkil edib. Qeydə alınan ümumi təkliflərin sayı ötən ilin müvafiq ayı ilə müqayisədə isə -39.0% azalıb. Son bir il ərzində bazara satış üçün təklif edilən təkrar mənzillərin sayının böyük həcmdə aşağı düşməsi bazardakı ciddi durğunluqdan xəbər verir.

Ötən aylarda olduğu kimi bu ay da, təklif edilən mənzillərin əksər hissəsi Nəsimi, Xətai, Nərimanov və Yasamal rayonlarında qeydə alınıb və onların ümumi payı 68.4 faizə bərabər olub.

Otaqlar üzrə mənzillərin vəziyyətinə gəldikdə bütün növ otaqlı mənzillərin sayında artım baş verib. Təklif üzrə ən çox artım 3 və 4 otaqlılar üzrə qeydə alınıb. Təkliflə yanaşı otaqlar üzrə qiymətlər üzrə də dəyişmə baş verib. 

Aparılan araşdırmalara əsasən “eksperimental”, “leninqrad”, “xruşşov” və “yeni tikili təmirli” layihəli binaların təklif portfelindəki payı bu ayda mütləq çoxluq təşkil edib, müvafiq olaraq 16.2%, 15.3 %, 10.6% və 31.6%.

Ötən ayda layihələr üzrə qiymət azalması daha çox arxitektura, fransız, minsk və xruşşov layihələrində qeydə alınıb, müvafiq olaraq -11.5%, -6.7%, -8.4% və -6.7%. Layihələr üzrə qiymət artımı isə yalnız italyan və stalinka layihəli mənzillərdə hiss edilib, 2.1% və 2.9%. Bazarda mənzillərin 1 kv.m-nin orta qiymətindən (1511 ABŞ dolları) aşağı olan mənzillər ümumi portfeldə daha çox paya, yəni 57.3 faizə malikdir. Mənzillərin orta sahəsi 75.74 kv.m, orta otaq göstəricisi isə 2.42 təşkil edir. Hər otağın orta satış qiyməti 48 000 ABŞ dolları, mənzilin orta qiyməti isə 116 200 ABŞ dolları təşkil edib.

Sentyabr ayında aktivlik əmsalına görə ən cəlbedici rayonlar Nəsimi, Yasamal və Nərimanov rayonları olub.

Təkrar yaşayış mənzil bazarında kvadrat metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil “arxitektur” layihəli 5 otaqlıda qeydə alınmışdır. “Sahil” metro stansiyası yaxınlığında yerləşən 220 kv.m sahəyə malik olan, yaxşı təmirli mənzilin kvadrat metrinin satışa təklif olunan qiyməti 4500 USD təşkil etmişdir. Ən ucuz mənzil isə Nərimanov rayonunda, Montin qəsəbəsində yerləşən zəif təmirli 80 kv.m-lik sahəyə malik “italyan” layihəli, 2 otaqlı mənzildə qeydə alınıb, 525 USD/kv.m.