“Ümumi mənzil bazarında qiymətlər 27-30% azalıb”.

Bu ilin yanvar ayı ilə müqayisədə hazırda mənzil bazarında bir az da olsa, təxminən 5-6% civarında aktivlik artıb. Amma kirayə mənzil bazarında isə ümumiyyətlə, hələ ki, durğunluqdur. Həm aktivlik, həm də qiymətlərdə durğunluq müşahidə edilir.

Ötən illə müqayisədə dollarla ifadədə ümumi mənzil bazarında qiymətlər 3,4%, manatla ifadədə isə 9,82% azalıb. Kirayə mənzil bazarında isə bu azalmalar hər ay demək olar ki, davam edir.

Bu barədə Oxu.Az-a MBA Consulting Group-un baş direktoru Nüsrət İbrahimov bildirib.

Onun sözlərinə görə, şəhərin mərkəzində qiymətlər daha çox düşüb:

“Bir az kənar, metro stansiyalarına yaxın ərazilərdə isə qiymətlər stabildir. Tələbələrin kirayə etdiyi ərazilərdə qiymətlər hələki stabildir: Şəhərin mərkəzində qiymətlərdə azalma var. Lap elə manatla ifadədə.

Məsələn, şəhərin mərkəzində 3 otaqlı evlərin aylıq kirayə haqqı əvvəllər 1200-1300 manata verilirdi. Bu gün isə 800-900 manata təklif edilir. Yaxud 2 otaqlı evlər 700-800 manata verilir, bu gün isə həm evlər 500-600 manata təklif edilir. 1 otaqlı evlərə gəlincə isə, onlar əvvəl 500 manata təklif edilirdisə, bu gün 350-300 manata təklif edilir”.

N.İbrahimov bunu həm qeyri-mövsümi ayla, həm də iş adamlarının şəhərin mərkəzində kirayə etdiyi mənzilləri boşaltması ilə əlaqələndirir:

“Həm qeyri-mövsümi aylar, həm də bu gün mənzilləri kirayə edən iş adamlarının bazarda olmaması bazarda durğunluq yaradıb. Qiymətlərin aşağı düşməsi isə məhz bu amillə bağlıdır”.

N.İbrahimov ümumi mənzil, eləcə də kirayə mənzil bazarında aktivliyin ölkə iqtisadiyyatının inkişafı ilə bağlı olduğunu qeyd edərək bunları deyib:

“Bazarda canlanma ölkə iqtisadiyyatından asılıdır. Ölkə iqtisadiyyatı inkişaf etdikcə, mənzil bazarında da aktivlik, canlanma müşahidə edilir, ölkə iqtisadiyyatında durğunluq isə əksinə bazarda aktivliyin azlamasına səbəb olur”.

O həmçinin əlavə edib ki, bu gün gəlirləri az olan əhali və tələbələr əsasən ev kirayə edərkən mənzilin metro stansiyasına yaxınlığı ilə maraqlanırlar. Məhz həmin mənzillərə üstünlük verirlər. Ona görə də metro stansiyalarının yaxınlığında yerləşən mənzillərin qiyməti, metro kənarında yerləşən mənzillərin qiymətindən 10-20% civarında bahadır.

Ekspert onu da əlavə edib ki, gələcəkdə yeni metro stansiyalarının inşası həmin ərazilərdə olan evlərin qiymətinə də öz təsirini göstərəcək.

Öz növbəsində, Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin sədri Ramil Osmanlı Oxu.Az-a açıqlamasında bildirib ki, ümumi mənzil bazarında qiymətlər təxminən 27-30% azalıb:

“Mənzil bazarında vəziyyət kritikdir. Bütün göstəricilər üzrə dinamikanın azalması prosesi gedir. Ümumiyyətlə, alqı-satqı əməliyyatlarının məhdudlaşması prosesi baş verir. Yəni, xeyli dərəcədə alqı-satqı əməliyyatları azalıb.

İpoteka kreditlərinin verilməsinin dayanması fonunda da, alqı-satqı əməliyyatlarının həcmi də kifayət qədər aşağı düşüb. Ötən ilin fevralın 21-də baş verən birinci devalvasiya ilə müqayisədə bu gün ümumi mənzil bazarında qiymətlər 27-30% ucuzlaşıb”.

O həmçinin qeyd edib ki, bu gün mənzil bazarındakı vəziyyət 2006-2007-ci illəri xatırladır:

“Eyni zamanda, yəni 2006-2007-ci ildə olduğu kimi, bazara təklif olunan əmlakların artıq dollarla təklif edilməsi prosesinə qayıdırıq. Sövdələşmələrin artıq dollarla aparılacağı istisna edilmir”.

R.Osmanlı kirayə mənzil bazarındakı vəziyyətə də toxunub:

“Kirayə bazarında ciddi bir dəyişiklik yoxdur. Bu dövr kirayə bazarı üçün o dərəcə də də aktiv dövr hesab edilmir. Düzdü, müvafiq iqtisadi vəziyyətlə bağlı olaraq kirayə bazarında təklifə çıxarılan əmlakların sayı kifayət qədər artıb.

Bu isə ondan irəli gəlir ki, rayonlardan Bakıya işləməyə gələn insanların bir çoxu artıq ixtisar və s. səbəblərdən işlərini itiriblər. Nəticədə onlar geri qayıtmalı olublar. Onların kirayələdiyi mənzillərin boşaldılması nəticəsində, kirayə bazarı üzrə təklif portfelinin həcmi, başqa sözlə təklif portfelində boş mənzillərin sayı müəyyən qədər artıb.

Bu isə hələ ki, qiymətlərə əsaslı şəkildə təsir göstərmir. Bu proses davamlı olaraq baş verərsə, yəqin ki, qarşıdakı dövrlərdə biz kirayə mənzil bazarında da qiymət azlamasının şahidi olacağıq. Çünki kirayə mənzil bazarında bir qayda olaraq, qiymət dəyişməsi iyun-sentyabr aylarında baş verir. Bu dövr yaxınlaşdıqca, yəqin ki, kirayə mənzil bazarında qiymət azalmasını müşahidə edəcəyik”, – deyə Birliyin sədri əlavə edib.