Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın görüşü keçirilib.

Bu barədə “Report”a Dövlət Agentliyindən məlumat verilib.

Tədbirdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Mənzil İnşaatı Dövlət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri iştirak ediblər.

“Güzəştli mənzil” sisteminin fəaliyyətinin təkmilləşdirilməsinə həsr olunan görüşdə sistemin dayanıqlı, etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində fəaliyyətinin təmin edildiyi və mənzillərin seçimi zamanı bərabər şəraitin, şəffaflığın və operativliyin yaradıldığı diqqətə çatdırılıb. Həmçinin Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şurada bu resursun ilkin təqdimatının keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Ceyhun Salmanov “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 mart 2018-ci il tarixli 1885 nömrəli Fərmanından irəli gələn məsələlərdən danışıb. Bildirib ki, elektron hökumət sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirmək, habelə “Elektron hökumət” portalının idarə olunması və fəaliyyətini təmin etmək, o cümlədən təkmilləşdirilməsi ilə əlaqədar zəruri tədbirlərin görülməsi Dövlət Agentliyinə həvalə edilib. Qeyd olunub ki, “Güzəştli mənzil” sisteminin işində yaranmış problemin həlli məqsədilə Dövlət Agentliyinin təşəbbüsü ilə müvafiq qurumların nümayəndələrindən ibarət İşçi Qrupu formalaşdırılıb və fəaliyyəti Dövlət Agentliyi tərəfindən koordinasiya edilib. Eyni zamanda “Elektron hökumət” portalı tərəfdən müraciətlər üzrə yüklülüyün paylanması üzrə tədbirlər görülüb, durma-dayanma hallarının aradan qaldırılması üçün resurslar artırılıb, iştirakçı tərəflərlə birgə müxtəlif xarakterli testlər keçirilib, mümkün problemlər müəyyənləşdirilərək aradan qaldırılıb.

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) nümayəndəsi Elşad Məmmədov “Güzəştli mənzil” elektron sistemində istifadəçilər üçün yaradılmış imkanlar barədə məlumat verib, eyni zamanda Agentliyin ilk layihəsi Yasamal Yaşayış Kompleksinin www.yasamal.mida.gov.az internet saytı barədə təqdimat edib. Bildirilib ki, istifadəçilərin mənzil seçimi prosesinin bütün mərhələləri ilə yaxından tanış olmasına, elektron imza sertifikatları və ya texniki avadanlıqlardan istifadə bacarıqlarının formalaşdırılmasına nail olmaq məqsədilə sistemin DEMO versiyası hazırlanıb.

İctimai Şuranın koordinatoru Osman Gündüz bu cür əhəmiyyətli layihələrin həyata keçirilməsində koordinasiyalı fəaliyyətin vacibliyini vurğulayıb.

Sonda mükün problemlər və onların aradan qaldırılması istiqamətində fikir mübadiləsi aparılıb, suallar və təkliflər dinlənilib.