Daşınmaz əmlakla bağlı sığorta hadisələri son dövrdə artsa da, evlərini sığortalayanların sayı getdikcə azalır.Belə ki,İcbari Sığorta Bürosunun (İSB) yanvar ayı üzrə nəticələrinə əsasən evlərini və daşınmaz əmlaklarını sığortalayanlar 22,6% azalıb. Amma baş verən sığorta hadisələri risklərin artdığını  deyir. Əhalinin gəlirlərinin azaldığını nəzərə alsaq, hazırda evlərin və digər daşınmaz əmlakın sığortalanması əvvəlkinə nisbətən daha vacibdir.Yəni, əvvəl maddi vəziyyəti daha yaxşı olan vətəndaş dəyən ziyanı özü müəyyən qədər qarşılaya bilərdi. İndiki şəraitdə isə vətəndaş yanğın və ya digər hadisə nəticəsində evini itirməklə çöldə qala bilər.

Kranı açıq saxlamayın

Sığorta ekspertləri bildirirlər ki, mənzillərlə bağlı sığorta hadisələri əsasən yanğın və subasma halları ilə bağlı olur.Belə ki, bəzi hallarda yuxarı mərtəbədə açıq qalan su kranı aşağı mərtəbədəki qonşunun evinə ziyan vurur. Bəzi hallarda şaxtada partlayan su borusu, qonşu mənzildə yanğının söndürülməsi zamanı axan su vətəndaşları ziyana salır. Məsələn, “Standard İnsurance” sığorta şirkətinin yanvar ayında ödəniş etdiyi daşınmaz əmlakla 4 hadisədən 3-də sığorta hadisələri subasma ilə bağlı olub.

Qonşunun “odu”na görə, evini su basdı

Sığorta hadisələrindən biri ötən il mart ayının 3-də Səbail rayonunda baş verib. Belə ki, yanan mənzili söndürməyə çalışarkən axan su digər sığortalı evə ziyan vurub. Evin təmir xərcləri üzrə 624 manat ödəniş edilib.

Yenə su kranı açıq qaldı – qonşunun evinə ziyan vurdu

Digər subasma hadisəsi ötən il dekabr ayının 2-də Yasamal rayonunda olub.Binanın yuxarı mərtəbəsində açıq qalan su kranı  aşağı mərtəbədə yaşayan qonşunun evinə ziyan vurub. Evin tavan və divarları yararsız hala düşüb. Sığorta şirkəti dəyən ziyan üzrə 392 manat ödəniş edib.

Yağış suları elektronika mağazasına 2719 manat ziyan vurdu

Ən böyük ziyan isə Bakının Nəsimi rayonunda elektronika mağazasına dəyib. Amma bu dəfə subasmaya yuxarı mərtəbədəki qonşu deyil, yağış suları səbəb olub. Hadisə ötən il oktyabr ayının 5-də baş verib. Güclü yağış nəticəsində mağazada satılan 2 719manatlıq kompyuter avadanlıqları sıradan çıxıb. Sahibkara dəymiş ziyan sığorta şirkəti tərəfindən qarşılanıb.

Külək ofisin tavanını uçurdu

Sığorta hadisələrindən yalnız biri Şəkidə baş verib. Ötən il noyabr ayını 17-də şirkətlərdən birinin ofisinə ziyan dəyib. Güclü külək ofisin tavan hissəsini uçurub. Təmir xərcləri 325 manata başa gəlib.