“Azərbaycanda yeni tikilən binalarda çərçivələr olur və onların arası 40 sm enində iki sıra kərpiclə hörülür, başqa sözlə binalar düzgün izolyasiya edilmir”.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən və Azərbaycanda enerji səmərəliliyinə həsr olunmuş seminarda izolyasiya sahəsi üzrə mütəxəssis Zakir Məmmədov deyib.

“Bu istilikkeçirmə ilə bağlı Azərbaycanın imzaladığı sənədlərə tam əksdir. Binaların düzgün izolyasiya edilməsi artıq xərclərin qarşısını almağa imkan verərdi. Əgər binalarda iki sıra kərpicin yerinə bir sıra kərpic və çöl tərəfdən 10 sm qalınlığında izolyasiya aparılsa, daha effektiv nəticə almaq olar. Bununla həm evin daxilində 10 sm daha geniş sahə əldə etmək olar ki, bu da hər 10 metrdə 1 kv/m artıq yer deməkdir. Nəticədə həm bina sahibi daha geniş yer satır, həm də mənzil sahibi geniş evə sahib olur. Hesablamalarımıza görə, belə yanaşma 12 mərtəbəli bir binada təxminən 70-80 min manat vəsaitə qənaət etməyə imkan verir”, – deyə o, qeyd edib.