Daşınar əmlakın yüklülüyünün dövlət reyestri böyük bir məlumat bazasının yaradılmasına imkan verir.

Bunu AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənov Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycan və Orta Asiya Maliyyə İnfrastrukturu layihəsinin bitməsinə həsr olunan tədbirdə bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə məlumatların toplanması hələ də davam edir və bir sıra çətinliklər var: “Bununla bağlı gələcəkdə çətinliklərin aradan qaldırılması üzrə yeni innovativ qərarların qəbul olunmasını gözləyirik”. Çətinliklərə toxunan bank rəhbəri deyib ki, girov məlumatlarının bazaya əlavə olunması üçün müştərinin bütün girov müqavilələri üzrə məlumatların ötürülməsi üçün razılığı tələb olunur.

“Bundan başqa, bir girovun bazaya salınması haqqı 10 manat təşkil edir. Başqa sözlə, bu göstərici hər hansı müştəri üzrə ortalama olaraq 30 manata bərabərdir. Bu isə banklar üçün bütöv kredit portfeli baxımından kifayət qədər iri xərcdir”.

 

@Fed.az