Regionlarda tikinti-adablıq işləri, yeni inzibati binaların tikilməsi və xidmət mərkəzlərinin işə düşməsi əmlak bazarına təsirsiz ötüşmür. FED.az xəbər verir ki, insanlar sosial xidmətlərə daha yaxın olan yerlərdə yaşamağa üstünlük verirlər. Bu da evlərin və obyektlərin bahalaşması ilə nəticələnir. Bu dəfə əmlak bazarını araşdırdığımız Bərdə rayonunda 2015-ci ildə “ASAN Xidmət”in işə düşməsi həmin ərazidə mənzilləri bahalaşdırıb. Rayonda kənd təsərrüfatına maraq isə torpaqlarına qiymətinə təsirsiz ötüşməyib.

 

Xidmət mərkəzləri əmlak bazarını dəyişib

Son 2 illə müqayisədə ümumilikdə Bərdədə əmlak qiymətləri xeyli artıb. Əmlak alqı-satqısı ilə məşğul olan Etibar Mehdiyev  bildirib ki, Heydər Əliyev prospektində açılan xidmət fəaliyyətə başladıqdan sonra burada evlər 20-22% bahalaşıb: «3 il əvvəl bu ərazidəki binalarda 1 otaqlı  mənzillər 13-14 min manata satılırdısa, indi qiymət 16-17 min manata qalxıb. 2 otaqlı mənzillər 18-20 min manatdan 20-22 min manata, əvvəl 25 min manata satılan 3 otaqlı mənzillər isə hazırda 32-33 min manata yüksəlib.

 

1-ci mərtəbədə mənzil qalmayıb

Bahalaşma daha çox torpaqların qiymətində və yeni tikilən evlərdə müşahidə edilir. Əmlakçılar bildirirlər ki, rayonun mərkəzində demək olar ki, boş sahə qalmadığından, iş qurmaq istəyənlər binaların 1-ci mərtəbəsindəki mənzilləri alaraq onları qeyri-yaşayış sahələrinə çevirib obyekt kimi istifadə edirlər. Mərkəzdə – Üzeyir Hacıbəyov küçəsi və Heydər Əliyev prospektində  binaların əsas yola baxan hissəsində1-ci mərtəbəsindəki evlərə tələbat daha çoxdur. Ona görə də bu mənzillərin qiyməti dəfələrlə artıb. Belə ki, 2 il əvvəl həmin küçələrdə 1 otaqlı mənzil 12-15 min manat, 2 otaqlı 14-18 min, 3 otaqlı 20-22 min manat, 4 otaqlı 25-27 min manat, 5 otaqlı 28-35 min manat idi. İndi isə qiymətlər qat-qat artıqdır: 2 otaqlı mənzil 55-65 min manata, 3 otaqlı 70 min, 4 otaqlı 80 min, 5 otaqlı 120 min manata satılır.

Şəhərin mərkəzində obyekt tikmək üçün torpaq demək olar ki, qalmadığından iş adamları ya binadakı mənzillərlə yanaşı, yola baxan sahəsi geniş olan həyət evləri də alaraq profillərini dəyişdirirlər.

 

Evləri söküb obyektə çevirir

Ümumilikdə isə, Bərdədə köhnə həyət evləri o qədər də baha deyil. Şəhərin mərkəzində və mərkəzə yaxın ərazilərdə yerləşən bu evlər tikinti və müasir tələbat baxımından geri qaldıqları üçün ucuz satılır. Məsələn, 4 otaqlı həyət evi 35 min manata təklif olunur. Bu evin həyətındə əlavə bir qaraj da tikilib. 5 otaqlı evlərin qiyməti  isə 35-40 min manat arasında dəyişir. Bu evlərin kirayəsi isə baha deyil – 150-200 manat.

Hərçənd böyük torpaq sahəsi olan həyət evləri 100-150 min manata satılır. Onların qiymətini artıran isə həyətyanı torpaq sahəsinin böyük olmasıdır: «Əsas yola yaxın ərazidə yerləşən və torpaq sahəsi çox olan həyət evlərinə tələbat artıb. İş adamları bu evləri alıb sökür, yerində obyekt inşa edirlər». Ona görə də belə evlər digərinə nisbətən baha satılır. Məsələn, 16 sot torpağın içində olan köhnə evi olanlar onu 130-150 min manata satırlar. Bu zaman torpağın sotu təqribən 8 min manata satılır.

Bərdədə təzə tikilən həyət evlərində isə qiymətlər bahadır. Məsələn, «İstisu» adlanan ərazidə son illərdə tikilən 3 otaqlı evlərin qiyməti 50 min manatdan başlayıb, 60-70 min manata yüksəlir.

 

Mərtəbə artdıqca qiymətlər enir

Obyektə çevrilən birinci mərtəbələrdən fərqli olaraq nisbətən yuxarı mərtəbələrdə və əsas yola çıxışı olmayan mənzillərin qiymətləri 2-3 dəfə aşağıdır. E.Mehdiyev deyir ki, «Köhnə binalar» kimi tanınan həmin tikililərdə binanın həyətinə açılan istiqamətdə 1 otaqlı təmirsiz mənzili 20-23 min manata, təmirli və əşyalarla tam təmin olarsa, 30 min manata təklif edirlər. Digər mənzillərdə isə qiymətlər belə dəyişir:

2 otaqlı təmirsiz – 20-25 min manat, təmirli – 35 min manat.

3 otaqlı təmirsiz – 35-40 min manat, təmirli – 45 min manat

4 otaqlı – təmirsiz  – 45-50 min manat,  təmirli – 55-60 min manat

5 otaqlı təmirsiz – 55-65 manat, təmirli – 70 min manat.

 

Qeyd edək ki, bu qiymətlər mənzilin yerləşdiyi mərtəbədən asılı olaraq dəyişir. Buna baxmayaraq, Bərdədə bina evlərinə, xüsusilə də 2-3-cü mərtəbədə yerləşən 2-3 otaqlı mənzillərə daha çox tələbat var. Bu mənzillərin bəzilərini investisiya məqsədilə – kirayəyə vermək üçün alırlar. Başqa sözlə, imkanı olan şəxslər bu mənzilləri alaraq kirayəyə verirlər. Qiymətlərin artmasına təsir edən amillərdən biri də budur.

 

«Novostroyka»ların da şərtləri dəyişib

Kənd təsərrüfatı rayonu kimi tanınsa da, Bərdədə də yeni binalar tikilir. Hələlik onlardan yalnız biri hazırdır və orada qiymətləri digər binalardan xeyli bahadır. Binanı inşa edən şirkət əvvəlcə burada mənzilin kvadratını 300 manatdan, sonra isə alıcı az olduğuna görə 200 manatdan təklif ediblər. Hazırda isə bu binada mənzilərin qiyməti köhnə evlər kimi otaqların sayına və təmirinə görə dəyişir:

1 otaqlı (54 kvadratmetr) otra təmirli mənzil – 35 min manat, təmirsiz – 30-32 min manat.

2 otaqlı (88 kvadratmetr) təmirli mənzil – 55-60 min manat, təmirsiz – 45-50 min manat,

3 otaqlı (120 kvadratmetr) təmirli mənzil – 70 min manat və yuxarı, təmiris  – 65- 67 min manat.

Bu binada da evləri daha çox investisiya üçün alırlar.

 

Əlillər də evlərini satır

Bərdədə ən ucuz mənzilləri  3 mərtəbəli “Əlillər evi” adlanan binalardan almaq mümkündür. Əsasən, Qarabaq əlilləri üçün nəzərdə tutulan və pulsuz olaraq onlara verilən mənzillərdən ibarət binalarda da satışlar başlayıb. Mənzil şəraitini daha da yaxşılaşdırmaq istəyən bəzi mənzil sahibləri mənzillərini dəyişmək üçün satışa çıxarırlar. Qiymətləri isə belə dəyişir:

2 otaqlı təmirli mənzillər – 30 min  manat, təmirsiz – 23-25 min manat,

3 otaqlı təmirli mənzillər – 50 min manat, təmirsiz –  30 -34  min manat.

 

Hərbçilər, rəislər, ezamiyyətə gələnlər…

Bərdənin əmlak bazarında  kirayə evlər də xüsusi yer tutur. Əmlakçıların sözlərinə görə, bu evləri əsasən, hərbçilər, Bakıdan Bərdəyə və ətraf rayonlara təyinat alan hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də müddətli ezamiyyətə gələn hökumət nümayəndələri, şirkətlərin əməkdaşları kirayələyir. Onlar da yüksək komfortlu, bütün ev əşyaları və isitmə-soyutma sistemləri ilə təmin edilən evlərə üstünlük verirlər. Ona görə də son illərdə kirayə bazarında da bahalaşma müşahidə edilir.

Ən baha kirayə qiymətləri yüksək komfortu ilə seçilən 1 və 2 mərtəbəli villalardadır.  Onların aylıq icarə haqqı 500-600 manat arasında dəyişir. Villalar otaqlarla yanaşı mətbəx, hamam, sanitar qovşaqları və mebellərlə təmin olunur. Mətbəxdə bütün məişət texnikaları, elektrik avadanlıqları qurulur.

Bərdədə villaların satış qiymətləri yerindən asılı olaraq dəyişir, mərkəzdə 200 min manata, bir qədər aralandıqda isə 150-180 min manata təklif edilir. “Maslo Pro” adlanan zavodun arxasındakı ərazilərdə isə qiymətlər bir qədər ucuzdur. Həmin ərazidə yüksək komfortlu  villalar  120 min manata təklif edilir.

Ümumiyyətlə, Bərdədə kirayə evlərin aylıq ödənişi 100 manatdan başlayır. Bu qiymətə 1 otaqlı boş mənzil kirayələmək mümkündür.  Ancaq tam təmirli və işərisi ev əşyaları ilə tam təmin edilən evi 200 manata kirayəyə verirlər.  2 otaqlı boş ev 120-130 manat, 3 otaqlı isə 150-160 manata təkli edilir. Təmirli mənzillər 250 manat və daha bahadır.

 

Torpaq «od qiyməti»nə satılır 

Yuxarıda qeyd etdiyimiz kimi, Bərdənin mərkəzində boş torpaq sahəsi almaq çox çətindir. Çünki əsas  küçə və prospektlərdə, Ağdam yolunun ətrafında olan sahələrdə boş yer  demək olar ki, qalmayıb. Əmlakçıların sözlərinə görə, həmin ərazilərdə ancaq böyük sahəsi olan ev sahibləri torpağının bir hissəsini sata bilər. O zaman 1 sotun qiyməti də baha olur – 3000-4000 manat. Ağdam yolunun ətrafında isə torpaqların sotu 5 min manat və daha bahadır. Çünki orada sahələri daha çox kommersiya məqsədilə alırlar.

Köhnə bazarın ətrafında satışa çıxarılan torpaq demək olar ki, qalmayıb. Təzə bazarın yaxınlığında və ətraf ərazilərdə isə torpaq qiymətləri 1 sota görə 2000 – 2500 manat arasında dəyişir. Həmin ərazidən təxminən 1-2 km aralıda isə qiymət  1000-1500 manatdır. Qeyd edək ki, təzə bazar Güloğlular kəndinə yaxın yerləşir. Buna görə digər kəndlərlə müqayisədə burada torpağın 1 sotunun qiyməti nisbətən bahadır – 800 manat. Ətraf kəndlərdə isə həyətyanı torpağı 500 manata təklif edirlər. Şəhər mərkəzinə yaxın yerləşən Türmən kəndində isə  torpağın sotu 1000-1500 manat arasında dəyişir. «İstisu»yun yaxınlığında da qiymətlər bahadır – 1800-2000 manat.

 

Məqsəd dəyişəndə qiymət də dəyişir

Bərdədə kənd təsərrüfatı ilə məşğul olmaq məqsədilə iri torpaq sahələri  almaq mümkündür. Ən baha qiymətlər təzə bazar ərazisindədir. Burada 1 hektar torpaq sahəsini  50 min manata satırlar. Rayonun mərkəzindən təxminən 10 km aralıda olan ərazilərdə isə torpağın hektarı 10 min manata təklif edilir. Kəndlərdə isə bu qiymət dəfələrlə ucuzdur. Mərkəzə yazınlığından asılı olaraq 1 hektar torpağın qiyməti 2000-5000 manat arasında dəyişir.

Rayonda fermer təsərrüfatlarını almaq olar. Onların da qiyməti əhatə etdiyi torpağın sahəsinə görə dəyişir. Məsələn, torpaq sahəsi kiçik olan ferma 50 min manata təklif edilir. Torpaq sahəsi çox olduqda isə qiyməti 200-300 min manata qədər artır.