Torpaq sahəsi almaq istəyənlər təkcə Bakı və Bakıətrafı ərazilərə deyil, bölgələrə də üz tuturlar.

Bəs bölgələrdə torpaq alarkən nələrə xüsusi diqqət yetirmək lazımdır?

Daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev “Report”a açıqlamasında bölgələrdə torpaq sahələrinin getdikcə bahalaşdığını bildirib:

“Ötən il karantin qadağası var idi, bölgələrə gediş-gəliş dayandırılmışdı, həmin il ərzində bölgələrdə torpaq sahəsinin satışında çox ciddi enmə yarandı. Yəni alıcılar olmadı. Amma bu ildən bölgələrə gediş-gəliş nəticəsində Bakı və digər yerlərdən insanlar gedib yenidən bölgələrdə torpaq almağa başladı. Vətəndaşlar əvvəllər daha çox Bakı ətrafında bağ evi almağa üstünlük verirdilər. Bu gün Bakıda əksər insanların bağ evləri var. Artıq şəhər onlar üçün maraqlı olmadığına görə digər yaşıl, dağ ətəyi yerlərdə, turizmin inkişaf etdiyi bölgələrdə əmlak alırlar. Bu, təbii ki, yaxşıdır. Amma başqa bir tərəfdən həmin ərazilərdə torpaq qiymətlərinin artmasına səbəb olur.

Dünyanın istənilən turistik şəhərində ümumi inkişaf güclü olsa da, əhalinin yaşayış səviyyəsi aşağıdır. Çünki turistik zonalarda ərzaq və digər məhsulların, evlərin satış və kirayə qiymətləri digər rayon və şəhərlərə nisbətən baha olur, bu da həmin ərazilərdəki yerli sakinlərə mənfi təsir edir. Xaçmaz, Quba, Qusar kimi şəhərlərin mərkəzində torpağın bir sotu normal yerlərdə 7-10 min manat arasında dəyişir, hətta daha baha da olur. Təbii ki, kəndlərdə və digər ucqar yerlərdə qiymətlər çox ucuzdur. Amma yaşayış massivlərində qiymət artımları davam edir. Daha çox şəhərə yaxın, mənzərəli və turistik zonalarda bu artımlar baş verir”.

Ekspert hesab edir ki, insanların yatırım məqsədilə bölgələrdən torpaq alması əlverişli seçimdir:

“Daxili turizm inkişaf etdikcə ölkə vətəndaşları Azərbaycanın turistik zonalarına istirahətə gedirlər. Çünki bu ərazilər həm məsafə baxımından daha yaxındır, həm də öz bölgələrimizdir. Son on ilin statistikasına əsasən daxili turizm inkişaf etdikcə bölgələrə digər yerlərdən gedən insanların sayı çoxalıb. Yəni həmin ərazilərdə torpaq sahəsi alan insanların sayı daha çoxdur. Hətta elə turistik zonalarımız var ki, digər bölgələrdən gedən insanlar orda böyük mərkəzi küçələr belə salıb. Bu gün yatırım məqsədilə vətəndaşlar turistik zonalardan torpaq sahəsi alıb orada koteclər, evlər, restoranlar, hostel və digər əmlaklar tikirlər. Bakıdakı eyni proses bölgələrdə də gedir. Yəni insanlar bölgələrdən torpaq alır ki, həmin torpağı bir neçə ildən sonra baha qiymətə sata biləcəyəm. Yəni bölgələrdə torpağın qiyməti artır. Məsələn, Quba rayonunun hansısa bir kəndində on il əvvəl torpağın bir sotu 500 manat idisə, bu gün elə kəndlər var ki, orada torpağın bir sotu 8 min manata qədər qalxıb. Söhbət tək Qubadan yox, bütün turistik zonalarımızdan gedir. Söhbət əkin sahələrindən getmir. Əkin sahələrinin qiymətlərində artım yoxdur. Amma sırf yatırım baxımından, turizm üçün əlverişli olan yerlərdə qiymətlər çox artıb. Hətta deyərdim ki, bölgələrdə torpaq almaq paytaxtda torpaq almaqdan daha əlverişlidir. Çünki istənilən vaxt onu satmaq olur. Amma bu, mövsümi xarakter daşıyır. Qış yox, yaz-yay aylarında, martdan avqusta qədər bu torpaqları daha rahat satmaq olur”.

Bu gün Bakıda bağ evi salmaq üçün torpaq sahəsi çox azdır. Artıq imkanlı adamlar Bakıda yox, bölgələrdə torpaq alıb bağ evi tikirlər. Çünki bölgələr daha yaxşıdır. Bölgələrdə hansısa dağ, meşə, çay olan ərazidə bağ evinin olması daha yaxşıdır, nəinki Bakının tozlu havasında. Məsələn, Qəbələ, Lənkəran, Quba, Qusar kimi bölgələrdə böyük, təzə salınmış massivlər var. Kənardan baxanda bilinir ki, bu evlər ən yaxın zamanda tikilib və onu tikənlərin böyük əksəriyyəti kənardan gedən adamlardır ki, artıq bağ evlərini Bakıda yox, bölgələrdə tikirlər. Çünki bölgələrdə həm torpaq ucuzdur, həm də istirahət üçün əlverişlidir.

“Maraqlısı budur ki, bölgələrdə torpaqların sənədləşməsi ilə bağlı problem yoxdur. Sənədləşmələrin 90 %-i qaydalara uyğun şəkildə aparılır. Bölgələrdə yaşayış üçün nəzərdə tutulan bələdiyyə torpaqları var. Həmin torpaqlar da təyinatı üzrə düzgün bölündüyünə görə, çıxarışla təmin olunub”, – deyə E.Fərzəliyev bildirib.