Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan 1956-cı il təvəllüdlü Şahin Əliyev və 1989-cu il təvəllüdlü Elçin Bağırovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edir.

Bu cinayət işi son illər Bakıda geniş vüsət almış mənzil dələduzluğu seriyasından növbəti epizoddur və müttəhimlər kürsüsündə oturan şəxslər hətta bir mənzili 6 nəfərə satacaq qədər mahirdirlər.  Onlardan biri adı hələ 7-8 il əvvəl mənzil dələduzluğu qalmaqalında keçən “Dağlar” MTK-nın rəhbəri, digəri isə yeni inşa edilən binadan mənzil  almaq ümidi ilə borc-xərc pul toplayan vətəndaşlarla MTK arasında vasitəçilik edən ev alverçisidir.

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə daxil olmuş müraciətlər əsasına qaldırılmış cinayət işinin istintaqı zamanı müəyyən olunub ki, “Dağlar” MTK-nın sədri Şahin Əliyev rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədib, öz qulluq mövqeyindən istifadə etməklə zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla onlara qarşı dələduzluq edib, onların etibarından sui-istifadə etməklə əmlaklarını ələ keçirib.

Ş.Əliyev barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Təbriz küçəsindəki bina

İstintaq müəyyən edib ki, Elçin Bağırov “Dağlar” MTK-nın sədri Şahin Əliyevlə əlbir olaraq cinayət əlaqəsinə girərək zərərçəkmiş şəxslərin etibarından sui-istifadə etməklə onlara qarşı dələduzluq edib. O, Şahin Əliyevin sədri olduğu MTK-nın inşa etdiyi Bakı şəhəri, Nərimanov rayonu, 855-ci məhəllə, Təbriz küçəsi 63 ünvanında yerləşən, Vera Volkovaya satılmış mənzili Yaqub Həbibəyliyə göstərərək 148 min dollara  satıb. Əldə olunan məbləği Şahin Əliyevlə öz aralarında bölməklə Yaqub Həbibəyliyə qarşı dələduzluq edib.

Ötən ilin aprel ayınən 17-də  E.Bağırovun təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməsi barədə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə qərar qəbul edilib. Amma E.Bağırov istintaqdan gizləndiyinə görə barəsində axtarış elan edilib. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində E.Bağırov tutularaq istintaqa təhvil verilib və Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

“Müəyyən şəxslərə” borcu yaranıb…

Təqsirləndirilən şəxs qismində dindirilən Şahin Əliyev ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində “Dağlar” MTK-nın 2004-cü ildən fəaliyyət göstərdiyini, İntiqam Abbasov, Çingiz Rzayev, Şahin Rzayev və İradə Əlizadə ilə birlikdə “Dağlar” MTK-nı təsis etdiklərini, ümumi yığıncağın qərarı ilə kooperativin sədri təyin edildiyini göstərib: “2005-ci ildən etibarən Yasamalda, Nərimanovda yüksək mərtəbəli binaların tikintisinə başladıq. Binanın bünövrəsi qazılandan sonra mənzillər satılırdı. 2009-cu ildə bina təhvil verildi. Nərimanov rayonu, Təbriz küçəsindəki binada 2011-ci ildə satış tam qurtardı. 2014-cü ildə isə Yasamaldakı binada bütün mənzillər satıldı”.

MTK sədri ifadəsində göstərib ki, 2011-ci ildən etibarən müəyyən şəxslərə borcu yarandığından, mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satmaq məcburiyyətində qalıb. Çox vaxt isə mənzilləri girov qoyaraq faizə pul götürüb. Borclarını qaytarmaq üçün “Dağlar” MTK-nın inşa etdiyi Nərimanov rayonu, Təbriz küçəsi, 855-ci məhəllə, 63 ünvanda yerləşən 16 mərtəbəli binadan və Yasamal rayonu, Yeni Yasamal küçəsində inşa edilmiş 16 mərtəbəli binadan bir neçə mənzili vətəndaşları aldatmaqla təkrarən satıb.

Zəng vurub ki, Şahin Əliyevə pul lazımdır…

Təqsirləndirilən Elçin Bağırov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2014-cü ilin yay aylarında ev alqı-satqısı ilə məşğul olan tanışı Zaur İsayev zəng vuraraq “Dağlar” MTK-nın sədri Şahin Əliyevə pul lazım olduğunu, əvəzində mənzil girov qoyacağını bildirib.

E.Bağırov da öz növbəsində tanışı Yaqub Həbibəyliyə zəng edərək ucuz qiymətə 3 otaqlı mənzil satıldığını deyib: “Zaurun işlədiyi alqı-satqı ofisinə gəldik. Şahin Əliyev də ora gəldi, sənədləri imzalayıb Yaqub Həbibəyliyə verdi. Yaqub da içərisində 148 min dollar olan torbanı mənə verdi. Həmin puldan 73 min dollar Şahin Əliyevə, qalanını isə özümə götürdüm. Sonradan Şahin kürəkəninə məxsus mənzili satıb Yaqub Həbibəliyevə 150 min dollar qaytardı”.

100 min verib mənzil aldı, gələndə gördü ki…

İstintaq materiallarına əsasən zərərçəkmiş Şəlalə Məmmədova ifadəsində göstərib ki, 2007-ci ildə “Dağlar” MTK-nın Nərimanov rayonu, Təbriz küçəsi, 855-ci məhəllə, ev 63-də inya etdiyi binadan ev alma qüçün müraciət edib. Şahin Əliyevlə müqavələ bağlayıb, 3 dəfəyə olmaqla 100 min manat ödəyib. Amma maddi imkanı olmadığından mənzili tam təmir etdirə bilməyib. 2014-cü ildə mənzilə baxmağa gələrkən ona məxsus evin Elnarə Abdullayeva adlı şəxsə satıldığını öyrənib.

Zərərçəkmiş Sadiq Məmmədov eyni üsulla aldadılıb. O, 2014-cü ilin iyunun 31-də 114 min manat pulu nağd ödəyərək “Dağlar” MTK-nın Təbriz küçəsi, 63 ünvanda inşa etdiyi binadan üçotaqlı mənzil alıb. Mənzil alqı-satqısı və pulların ödənilməsi barədə müqavilə notarial qaydada təsdiqlənib.

Pulu alıblar, açarı verməyiblər

Ancaq zərərçəkənə deyiblər ki, mənzilin açarını 15 gündən sonra təhvil ala bilər. 15 gün tamam olanda S.Məmmədov mənzilin açarlarını almaq üçün gedəndə ona daha sonra gəlməyi məsləhət görüblər. Beləcə, onu açar dalınca bir neçə dəfə müxtəlif bəhanələrlə get-gələ salıblar. Nəhayət, üzə çıxıb ki, mənzil əslində 2009-cu ildə satılıb.

Zərərçəkmiş Gülnarə Ağamirzəyeva deyib ki, oğlunu evləndirmək istədiyi üçün ona əvvəlcə ev almaq qərarına gəlib. Bu barədə ev alqı-satqısı ilə məşğul olan bibisi oğlu Elçin Məmmədova bildirib. Bir müddət sonra Elçin Məmmədov ona 2 otaqlı ev satıdığını deyib. “Dağlar” MTK-nın sədri Şahin Əliyevlə görüşüb və həmin mənziliüçün 100 min manat ödəyib. Amma sonradan mənzillərin başqa şəxslərə satıldığını eşidib. Həmin binaya gedərək nəzarətçidən mənzilin açarlarını tələb edib. Əjdər adlı nəzarətçi isə həmin evin başqa şəxsə məxsus olduğunu bildirib.

Zərərçəkənlər nə demişdi…

Xatırladaq ki, “Dağlar” MTK-nın dələduzluq əməllərinin qurbanları ötən il virtualaz.org saytının redaksiyasına müraciət edərək başlarına gələnləri danışıblar. Məlum olmuşdu ki, Təbriz küçəsindəki həmin binadan mənzil almaq üçün pul ödəyən, ancaq aldadılanların sayı 25-ə yaxındır. MTK rəhbərləri onların 1,5 milyon manata yaxın vəsaitini mənzil satmaq adı altında mənimsəyib.

Zərərçəkənlərin bildirdiyinə görə, eyni mənzilin ayrı-ayrı vaxtlarda nəinki iki, hətta 5-6 adama satılması halları mövcuddur.Aldadıldıqlarını görən zərərçəkənlər birləşərək hüquq-mühafizə orqanlarına üzləşdikləri dələduzluq əməli barədə şikayət ediblər. Onların şikayəti əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi şikayət əsasında “Dağlar” MTK-nın icraçı direktoru Şahin Əliyev saxlanılıb. Lakin dələduzların həbsi onların qurbanlarının mənimsənilən pullarının geri qaytarılmasına kömək etməyib. Aldadılanlar şikayətlənirdi ki, onlar Şahin Əliyevin əmlakına həbs qoyulmasına, satışa çıxarılmasına və beləliklə də pullarının geri qaytarılmasına nail ola bilmirlər.

Virtualaz.org araşdırıb ki, “Dağlar” MTK-nın adı hələ 2008-ci ildən mənzil dələduzluğu və payçıların aldadılması əməllərində keçir. Bu əməllərə binaların tikintisinin yarımçıq qoyulması, fəhlələrin pullarının verilməməsi, bir mənzilin bir neçə adama satılması daxildir. Şirkət Bakının Yasamal, Binəqədi və Nərimanov rayonlarında çoxmərtəbəli binaların tikintisi ilə məşğul olub.

Ədliyyə Nazirliyinin qeydiyyat sənədlərində “Dağlar” MTK-nın təsisçisi və sahibi kimi Çingiz Rzayevin adı yer alır. Şirkətin icraçı direktoru isə onun qohumu Şahin Əliyev olub. Təsisçilər arasında həmçinin Çingiz Rzayevin qardaşı Gündüz Rzayevin və daha üç nəfərin adı yer alır. Şikayətçilər deyirdi ki, dələduzluq əməlinin başında Çingiz Rzayev dayanır, qohumu Şahin Əliyev isə onun əməllərinin icraçısıdır. Habelə “Dağlar” MTK-nın arxasında Bakının rayonlarından birini təmsil edən məşhur deputatın dayandığına dair məlumatlar var.

İş üzrə məhkəmə prosesi fevralın 16-da davam edəcək.

İnarə Rafiqqızı

Virtualaz.org