Vergi Məcəlləsinə edilən son dəyişikliyə görə, bina tikintisi fəaliyyəti ilə məşğul olan vergiödəyiciləri sadələşdirilmiş vergi mükəlləfiyyətini seçmək hüququnu itirərək yalnız əlavə dəyər vergisi (həm də mənfəət vergisi) ödəyicisi kimi fəaliyyət göstərmək imkanına malik olacaqlar. Həmin şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinə görə edilən ödəniş ƏDV-yə (dövlətə ayrılan hissəsinin təqdim edilməsi istisna olmaqla), illik mənfəətdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra isə mənfəət vergisinə cəlb ediləcək.

AZƏRTAC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadla mövzu ilə bağlı vergi hüququ üzrə ekspert Sirac Piriyevin şərhini təqdim edir. Ekspert bildirib ki, yeni qaydalar qüvvəyə minənə qədər tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda həmin hissələrin təqdim edilməsi zamanı vergitutma ilə bağlı mübahisələr yaranırdı. Yeni dəyişikliklə dövlətə ayrılan hissədən yaranan dövriyyə vergiyə cəlb olunan gəlir hesab edilir. Eyni zamanda, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilən məlumat formasını hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim etməlidirlər. Daha bir yenilik də ondan ibarətdir ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər səyyar vergi yoxlamasının başlandığı günədək yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi barədə məlumat formasını təqdim etmədikdə və ya belə sahələrin təqdim edilmədiyi barədə məlumat verdikdə, bu zaman həmin yaşayış və qeyri-yaşayış sahələri vergitutma məqsədləri üçün yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır.

S.Piriyev deyib ki, vətəndaşlar üçün maraqlı yenilik isə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən alınan yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilən ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması ilə bağlıdır. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 30 faizi geri qaytarılacaq.