“Bank sektoru ilə mənzil bazarı bir-biri ilə rəqib sahələrdir”.

Əmanətlərin Sığortalanması Fondunun (ADİF) Himayəçilik Şurasının martın 1-də qəbul etdiyi qərara əsasən, qeyd olunan tarixdən etibarən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3%, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12% müəyyən edilib.

Elə həmin gündən etibarən Azərbaycanda illik faiz dərəcəsi yuxarıda göstərilən rəqəmləri ötməyən əmanətlər 3 il müddətinə tam sığortalanır.

Bundan başqa, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən 2016-cı il fevralın 1-dən etibarən 3 il müddətində yerli bank və xarici bankın Azərbaycanda fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad olunub.

Bu dəyişikliklərin daşınmaz əmlak bazarına təsirlərini Oxu.Az yerli ekspertlər ilə araşdırıb.

“MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov qeyd edib ki, bu gün əhali daşınmaz əmlak bazarına investisiya qoyur:

“Bank sektoru ilə mənzil bazarı bir-biri ilə rəqib sahələrdir. İnsanlar əllərində olan vəsaiti investisiya kimi yatırmamışdan öncə fikirləşirlər ki vəsaiti daşınmaz əmlak bazarı və ya banklarda depozit şəklində yerləşdirsələr bundan necə fayda götürə bilərlər?

Ona görə də əgər bu gün bank depoziti daha gəlirli sahədirsə, insanlar investisiyanı bank sektoruna yatıracaqlar. Yox, əgər daşınmaz əmlak bazarı daha gəlirli hesab edilirsə, investisiya mənzil bazarına qoyulur.

Son 2-3 ayda bank sektorunda durğunluq müşahidə edilir. Ona görə də, insanlar daşınmaz əmlak bazarına üz tuturlar. İnvestisiyanı mənzil bazarın ayatırmağa üstünlük verirlər. Bank sektoru gələcəkdə daha gəlirli olduğu təqdirdə, insanlar yəqin ki, yatırımı bank sektoruna edəcəklər”.

O, həmçinin qeyd edib ki, bu isə asılıdır hansı sektor insanlar üçün daha əlverişli hesab olunur.

Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin sədri Ramil Osmanlı isə hesab edir ki, bu gün mənzil bazarı investisiya üçün riskli hesab edilir. Bu səbəbdən də dəyişikliklər bazara təsir etməyəcək:

“Düşürəm ki, əmanətlərin sığortalanmasındakı dəyişikliklər, ümumiyyətlə maliyyə bazarlarındakı dəyişikliklər danınmaz əmlak bazarına hər-hansə formada təsir etməyəcək.

Bu o halda baş verərdi ki, daşınmaz əmlak bazarında ciddi, əhəmiyyətli inzibati tədbirlər həyata keçirilərdi. Mülkiyyət hüquqları ilə bağlı  vəziyyəti müsbətə doğru dəyişmək istiqamətində işlər görülərdi.

“Amma bu olmadığı təqdirdə, təbii ki, maliyyə bazarlarında baş verən hər-hansı bir dəyişikliyin daşınmaz əmlak bazarına təsiri olmayacaq”, – deyə ekspert bir daha vurğulayıb.

Məsələn, hökumət əhaliyə 3%-lə depozitlərin tam sığortalanması imkanını yaradır. Düşünmək olar ki, belə olduğu təqdirdə, insanlar əmanətlərini banklardan geri çəkib, daşınmaz əmlak bazarına yatıra bilərlər. Və bundan daha yüksək gəlir götürə bilərlər. Eyni zamanda risk dərəcəsi də aşağıdır”.

“Bəzi tendensiyaları nəzərə alaraq, bu gün insanlar əlində olan vəsaiti daşınmaz əmlak bazarına qoymayacaq, çünki bu gün mənzil bazarı riskli hesab edilir”, – deyə R.Osmanlı qeyd edib.