Fevral ayı üzrə müşahidələr göstərir ki, Bakının təkrar yaşayış mənzil bazarında satışa təklif edilən yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti, demək olar, faktiki olaraq dəyişməz qalıb. Trend-in məlumatına görə, bu barədə “MBA Group” konsaltinq şirkətinin hesabatında deyilir.

Aylıq orta qiymət göstəricisi ABŞ dolları ilə ifadədə 1009 $/kv.m-dən 1% artaraq 1019 $/kv.m, milli valyuta ilə isə ay ərzində 1604 AZN/kv.m-dən 1620 AZN/kv.m bəndinə qədər yüksəlib.

Bazarın bu seqmenti üzrə təklif edilən mənzillərin əksər hissəsi 1000 $/kv.m qiymətindən aşağı olan ucuz mənzillərdir. Bu dəyərdə olan mənzillər ümumi portfelin 79,4%-ni təşkil edir və qeydə alınan orta bazar qiyməti 889 $/kv.m-dir. Ümumi təklif portfelinin 14,5%-i 1200-1600 $/kv.m qiymət diapazonu arasında yerləşən mənzillərin payına düşür. Bu qiymət diapazonunda qeydə alınan orta bazar qiyməti 1345 $/kv.m-dir. Bazardakı bahalı mənzillər, yəni hər kvadratmetrinin dəyəri 1600 $/kv.m-dən çox olan mənzillərin bazardakı payı isə 6,1% təşkil edir. Bahalı növ mənzillərdə qeydə alınan orta bazar qiyməti isə 1954 $/kv.m təşkil edib.

2016-cı ilin fevral ayında mənzil satıcılarının sayında ötən aya nisbətən canlanma müşahidə edilib ki, bu da öz növbəsində, təklif portfelinin artmasına gətirib çıxarıb. Ümumilikdə təkrar mənzil bazarında təklif həcmi 53% artıb. Son yanvar ayında ümumi təkliflərin sayı 955 olduğu halda, bu rəqəm fevral ayında 1458 təşkil edib. Qeydə alınan ümumi təkliflərin sayı ötən ilin müvafiq ayı ilə müqayisədə isə 27% azalıb. Son bir il ərzində bazara satış üçün təklif edilən təkrar yaşayış mənzillərinin maksimal həcmi 2015-ci ilin fevral ayında qeydə alınıb.

Ekspozisiya müddəti son fevral ayında ortalama 180 gün təşkil edib ki, bu da ötən yanvar ayından -4% aşağı göstəricidir. Ekspozisiya müddətinin nisbətən aşağı düşməsinə səbəb kimi təkrar mənzil bazarında aktivliyin artmasını göstərmək olar. Alıcıların sayında son ayda artım olduğundan, təkrar mənzil bazarının aktivliyi ötən aya nisbətən 8% artıb.

Təkrar mənzil bazarında təklif edilən mənzillərin otaq strukturna gəldikdə, əvvəllər də olduğu kimi, ümumi təklif payında daha çox iki və üç otaqlı mənzillər üstünlük təşkil edir. Fevral ayında onların ümumi birgə payı 65,7% təşkil edib.

Mənzillərin otaq strukturu üzrə təklif portfeli, %

Ötən aylarda olduğu kimi, bu ay da təklif edilən mənzillərin əksər hissəsi Binəqədi, Nəsimi, Nərimanov və Yasamal rayonlarında qeydə alınıb və onların ümumi payı 63,9%-ə bərabər olub. Təklif üzrə ən az paya sahib olan rayonlar isə Xəzər və Suraxanı rayonlarıdır.