Bakı şəhərinin kommersiya obyektləri bazarında aktivlik səviyyəsi aşağı düşüb. Fevral ayı əvvəlki ayla müqayisədə ümumilikdə təklif portfelini formalaşdıran 6 seqment (mağaza, yer, xidmət, ofis, zirzəmi, sənaye) üzrə aktivliyin və qiymətlərin azalması ilə yadda qalıb.

“Report”un “MBA Ltd.” konsaltinq şirkətinin monitorinq qrupunun açıqladığı aylıq hesabata istinadən verdiyi xəbərə görə, ümumilikdə, fevral ayı ərzində qiymətlərdə azalma müşahidə edilsə də, ümumi satış portfelində təkliflərin sayında artım baş verib. Alıcılıq qabiliyyəti aşağı səviyyədə olduğundan, bazarda təklif edilən əmlakların hər ay müəyyən səviyyədə artmağını normal hesab etmək olar.

Fevralda kommersiya obyektləri üçün daşınmaz əmlak alqı-satqı mərkəzlərinə müraciət edənlərin sayı azlıq təşkil edib və nəticə etibarı olaraq bu seqment üzrə bazarda bağlanan əqdlərin dinamikasında əvvəlki aya nisbətən bir qədər də azalma olub.

Satış məqsədi ilə bazara təklif olunan kommersiya obyektlərinin həcmində əsas paya 45,5%-lə “boş yer” təyinatlı sahələr malikdir (təyinatı dəqiq olmayan – ofis, mağaza və ya xidmət təyinatı üçün istifadə oluna bilər). Xidmət və mağaza təyinatlı yerlər bazarda müvafiq olaraq 38,2% və 10,9% paya sahib olub. Satışda olan ofis və zirzəmi təyinatlı yerlərin birgə sayı isə ümumi payın 5,4%-nə malikdir.

Bakı şəhəri üzrə kommеrsiya məqsədilə istifadə еdilən əmlakların orta satış qiymətinə gəldikdə isə, fevralda 2,61% azalma qeydə alınıb. Yanvar ayında 1 kv.m qеyri-yaşayış sahəsinin orta qiyməti 2 877 dollar olduğu halda, bu rəqəm fevralda 2 802 dollara düşüb. Ay ərzində seqmentlər üzrə ən çox qiymət azalması “mağaza” təyinatlı obyektlərdə müşahidə edilib. Yanvar ayında bu seqment üzrə qeydə alınan qiymət 3 235 dollar olduğu halda, fevralda təklif qiyməti 3,3% azalaraq 3 130 dollar bəndində qərarlaşıb. Nisbətən qiymət artımı isə “xidmət” təyinatlı obyektlərdə qeydə alınıb. Yanvar ayında bu seqment üzrə qeydə alınan qiymət 2 244 dollar, fevralda isə 1,3% artaraq 2 273 dollar olub.

Bazarda qiymətlərin və tələbin qeyri-stabil olması, ekspozisiya müddətinin dəyişməz olaraq qalmasına səbəb olub. Yanvar ayında olduğu kimi, fevralda da ekspozisiya müddəti 335 gün təşkil edib.