Prezident İlham Əliyev ötən gün Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi də daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

 

Axar.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” ilə birgə altı ay müddətində azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı təkliflərini müvafiq məlumatlarla birlikdə Azərbaycan Prezidentinə təqdim etməlidir.

 

Bundan əlavə, beynəlxalq məsləhətçi şirkət cəlb etməklə Azərbaycanda xüsusi iqtisadi zonalara dair qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulur.

 

Azad iqtisadi zona nədir?

 

Təbii ki, bu sualı verərkən bir çoxlarının gözü önünə Dubay gəlir. Hazırda dünyada bir çox azad iqtisadi zonalar (AİZ) var. Lakin Ələt qəsəbəsində yaradılacaq AİZ Cənubi Qafqazda ilk olacaq.

 

1973-cü il mayında Kiotoda (Yaponiya – red.) keçirilən gömrük prosedurlarının sadələşdirilməsi və harmonikləşdirilməsi üzrə beynəlxalq konvensiyada göstərilir ki, azad zona (franko zona) dedikdə ölkə ərazisinin hər hansı bir hissəsi başa düşülür ki, burada məhsullara milli gömrük ərazisindən kənarda (gömrük eksteritoriallığı prinsipi) olan bir obyekt kimi baxılır və buna görə də onlar gömrük nəzarətindən keçirilmir, vergiyə cəlb edilmirlər.

 

Azad iqtisadi zonalarda yerləşən təsərrüfat subyektləri xüsusi qanunvericiliyi özündə əks etdirən rejim altında fəaliyyət göstərirlər.

 

Azad iqtisadi zonaların xarakterik cəhətləri:

 

– müxtəlif növ güzəşt və stimulların tətbiqi;

 

– xarici ticarətdə güzəştlər (ixrac-idxal rüsumlarının azaldılması və ya ləğvi, xarici ticarət əməliyyatlarının sadələşdirilməsi);

 

– fiskal güzəştlər – müəyyən fəaliyyət növlərinin vergilər baxımından stimullaşdırılmasını nəzərdə tutur. Bu güzəştlər vergi bazası (mənfəət və ya gəlir, əmlakın dəyəri və s.) və onun ayrı-ayrı komponentlərini (əmək haqqına, elmi-texni tərəqqiyə və nəqliyyata çəkilən xərclər), vergi dərəcələrinin səviyyəsini, vergilərdən daimi və ya müvəqqəti azadolmalar kimi məsələləri əhatə edə bilər;

 

– maliyyə güzəştləri – subsidiyaların müxtəlif formalarını əhatə edir. Subsidiyalar büdcə vəsaitləri və güzəştli dövlət kreditləri hesabına – birbaşa və kommunal xidmətlərə aşağı qiymət qoymaqla, torpaq sahələrindən istifadə etmək üçün icarə haqqının azaldılması yolu ilə – dolayı formalarda verilə bilər.

 

– administrativ (inzibati) güzəştlər – müəssisələrin qeydiyyatdan keçirilməsi, xarici vətəndaşların ölkəyə girişi və çıxışı prosedurlarının sadələşdirilməsini nəzərdə tutur.

 

– zonada geniş iqtisadi spektrdə sərbəst surətdə qərar verə bilmək hüququna malik olan lokal, xüsusi bir idarəetmə sisteminin mövcudluğu;

 

– mərkəzi dövlət orqanları tərəfindən hərtərəfli dəstəyin göstərilməsi.

 

Azad iqtisadi zonaların yaradılmasında başlıca məqsəd ölkələrin beynəlxalq əmək bölgüsündə baş verən inkişaf proseslərinə fəal surətdə qoşulmaqdır. Söhbət ixrac üçün rəqabətqabiliyyətli məhsul istehsalının genişləndirilməsi və bu yolla da valyuta daxilolmalarının artımının təmin edilməsindən gedir. Azad iqtisadi zonalar həmçinin bunda maraqlı olan ölkənin daxili bazarının yüksək keyfiyyətli məhsullarla, ilk növbədə isə idxaləvəzedici məhsullarla doldurulması üçün çox vacibdir. Bu məqsədə çatmaq üçün ayrılmış ərazidə xarici kapitalın iştirakı ilə idxaləvəzedici istehsal yaradılır.

 

AİZ-in yaradılmasında müxtəlif məqsədlərin olduğunu sübut etmək üçün bir neçə misal gətirmək mümkündür.

 

İqtisadi məqsədlər:

 

– Milli bazarın dünya iqtisadiyyatı sisteminə dərindən daxil olması;

 

– Yüksək rentabelliyə malik istehsalın inkişafı üçün xarici və daxili investisiyaların cəlb edilməsi;

 

– Ölkə büdcəsində valyuta daxilolmalarının artırılması;

 

Sosial məqsədlər:

 

– İqtisadi cəhətdən geridə qalmış regionların kompleks inkişafı;

 

– İş yerlərinin sayının çoxaldılması və əhalinin məşğulluğunun təmin edilməsi;

 

– Yerli ixtisaslı fəhlələrin, mühəndislərin, iqtisadi və idarəetmə personalının təhsil və peşə təcrübələrinin artırılması;

 

– Milli bazarın yüksək keyfiyyətli məhsullarla doldurulması;

 

Qeyd edək ki, hazırda dünyada 600-dən çox azad liman və 4000-ə qədər azad ticarət zonası mövcuddur.