Sentyabr ayı universitetlərin açıldığı zaman olduğu üçün kirayə ev bazarında canlanma müşahidə olunur.  Bu zaman kəsiyində kirayə evlərin qiymətində də artım olur. Bəs görəsən hazırda kirayə mənzil bazarında vəziyyət necədir?

Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Ramil Osmanlı deyib ki,  hazırda bazarda tələbin artımı ilə bağlı iki ay əvvəl baş verən prosesin əksi müşahidə olunur.

“İki ay əvvəl mənzillər boşaldı, təklif artdı və qiymətlər ucuzlaşdı. Amma hazırda kirayə ev üçün müraciət edənlərin sayı çoxalıb, bu da öz növbəsində qiymətlərin artmasına səbəb olur. Bu qısamüddətli tələbdir. Təxmini götürsək, hazırda qiymətlər 20 faiz artıb”.

R. Osmanlı bildirib ki, şəhərin müxtəlif ərazilərində kirayə evlərin qiyməti fərqlidir.

“Metronun “Memar Əcəmi” stansiyası və mikrorayon ərazilərində birotaqlı evi 250 manata  tapmaq olar. Amma şəhərin kənar yerlərində “Əhmədli”, “Neftçilər”, “Qara Qarayev”, “Xalqlar dostluğu” metrostansiyaları yaxınlığında birotaqlı evlərin qiyməti 200 manatdan başlayır.

Nərimanov rayonu ərazisində “Montin” adlanan yerdə fərdi yaşayış evlərində də kirayə mənzil tapmaq olar. Ev sahibi ilə eyni həyətdə təxminən 200 manatdan başlayan qiymətlərlə qalmaq olar. Hazırda universitetlərin açıldığı vaxt olduğu üçün kirayə evləri tapmaqda bəzi problemlər yaranır. Bu proses adətən oktyabrın ortalarına qədər davam edir”.
Müsahibimizin sözlərinə görə, bəzi ərazilərdə söküntülərin olması kirayə mənzil bazarına təsir edib.

“Bakı şəhərində infrastruktur layihələri davam etdirilir. Kirayə ev bazarında əsas təklif edilən ərazilər söküntüyə məruz qaldı. Belə yerlərdən biri də keçmiş “Sovetski” ərazisidir. Həmin ərazilərdə evlərin sökülməsi qiymətlərin artmasına səbəb olub. Maliyyə bazarında baş verən hər hansı dəyişiklik kirayə bazarında artıma səbəb ola bilməz”.