Avqust-sentyabr aylarında Bakıda kirayə haqları kəskin artıb. Bu barədə fins.az-a «MBA Group» konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimov bildirib. Onun sözlərinə görə, avqustda kirayə haqlarında 3,5% artım baş verib. Artımın əsas səbəbi dərs ilinin başlanması və tələbələrin kirayə evlərə tələbatının yüksəlməsidir. Nəticədə hazırda Bakıda bir kvadratmetr mənzil sahəsinin aylıq kirayə qiyməti 8,68 dollar təşkil edir.
Kommersiya obyektlərinin icarəsi ucuzlaşıb – böhran ab-havası hiss olunur
Mənzillərdən fərqli olaraq kommersiya obyektlərinin icarə haqlarında kəskin azalıb. avqustda kommersiya obyektlərində icarə haqqı 4,4% azalıb. İndi obyektlərin 1 kvadratmetrinin orta aylıq icarə haqqı 13,09 dollardır. N.İbrahimovun sözlərinə görə, mənzillərin kirayə haqlarının və obyektlərin icarə haqlarının bir-birinə yaxınlaşması yaxşı hal deyil və ölkədəki işgüzar aktivliyin azaldığını göstərir: «İcarə haqlarının azalması biznesin gəlirliyinin azalmasını və aktivliyin aşağı düşməsinin göstəricisidir». Onun sözlərinə görə, icarə haqlarını ən böyük azalması ticarət obyektlərində baş verib. Bu da həmin mağazalarda ticarətin səngiməsi ilə bağlıdır: «Pal-paltar mağazaları daha çox boşalır». Eləcə də ofislərdə də azalmalar var.
Daha kiçik ofis və mağazalar dəbə düşəcək
Ekspert bildirir ki, böhran vəziyyətləri həm də sahibkarlarda yeni ideyaların yaranması ilə müşayiət olunur. Nəticədə iş adamları daha qənaətcil olur və vəsaitlərini daha səmərəli istifadə edirlər: «Məsələn, icarəyə götürülən ofislərin sahəsi kiçilir. Əvvəllər 150-200 metrlik ofis istəyənlər indi cəmi 40-50 kvadratmetrə maraq göstərib işlərini bura uyğunlaşdırırlar».
Ticarət obyktləri də sahəyə qənaət etməyə başlayıblar. Əvvəllər mebel mağazası üçün eniş sahəsi olan obyeketlər götürülür və onun içərisinə çoxlu sayda mebellər yerləşdirilirdi. İndi isə nisbətən kiçik mağazalar icarələnir və elə mebellər düzülür ki onlar tez satılsın.