Azərbaycanda Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən ən böyük layihələrdən biri – “Daşınmaz əmlakın qeydiyyatı” layihəsi başa çatır. Bu barədə fins.az-a layihənin icraçı agentliyi olan Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) bildirilib.  Xatırladaq ki, daşınmaz əmlak bazarının bütün seqmentlərinə və onunla əməliyyatlara təsir edəcək layihənin icrasına 2007-ci ilin sentyabrında start verilib. 8 il davam edən layihə nəticəsinlə ölkədə əmlakın qeydiyyatı və idarə edilməsi ən müasir dünya standartlarına çatdırılıb.

“Daşınmaz əmlakın qeydiyyatı” layihəsi çərçivəsində ƏMDK-nın tərkibində Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarəedilməsi Sistemi (DƏQKİS) yaradılıb. Daşınmaz əmlakın dövlət reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, habelə daşınmaz dövlət əmlakının idarə edilməsi, o cümlədən icarəyə verilməsi, özəlləşdirilməsi, hərracların təşkili barədə məlumatlar bu sistemə toplanıb, omitənin bütün xidmətləri avtomatlaşdırılıb.

Həmçinin ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) ərazi idarələri yenidən qurulub, burada xidmət şəraiti yüksəldilib.

Elektron xidmətlər hesabına əmlakın qeydiyyatı prosesi sadələşdirilib. Hazırda əmlakın təkrar qeydiyyatı cəmi 2 prosedurla həyat keçirilir. Bu da dünyada ən yaxşı göstəricilərdəndir. Layihə çərçivəsində daşınmaz əmlakın rəqəmli kadastr xəritələrinin yaradılıb, daşınmaz əmlak üzərində yüz minlərlə mülkiyyət sənədləri elektronlaşıb, Bakı şəhər ərazi idarəsində olan kağız və mətn məlumatları skan edilərək elektron arxivlərə yerləşdirilib.

Bu dövrdə Azərbaycanda əmlakın kütləvi qiymətləndirilməsi də aparılıb, ilk dəfə olaraq Sumqayıt şəhərində əmlak kütləvi qiymətləndirilib. Ölkədə aparılan ölçmə işlərində özəl sektor da iştirak edir. ƏMDK-nin apardığı daxili kadastr ölçmə işlərinə 120 nəfər özəl mərzçəkən cəlb edilib.

Layihə çərçivəsində Azərbaycanda ictimai agahlıq işləri aparılıb, əhali daşınmaz əmlakın qeydiyyatı, onun faydaları, eləcə də qeydiyat prosesi barədə məlumatlandırılıb.

Bu dövrdə görülən işlər əhalinin ƏMDK-nin göstərdiyi qeydiyyat xidmətlərindən məmnunluq səviyyəsini artırıb. Son araşdırmalara görə, respondentlərin 91,8%-i əmlakın qeydiyyatını vacib sayıb, 88%-i rəsmi və standart məlumatların təqdim edilməsi xidmətinin sürətindən razı qalıb. Sorğunun nəticələri Dünya Bankı tərəfindən yüksək qiymətləndirilib.

Bu dövrdə görülən işlər nəticəsində Azərbaycan Dünya Bankının tərtib etdiyi «Doing Business» hesabatında əmlakın qeydiyyatının sadəliyinə görə ilk 10-da yer alıb.

Layihənin yekunları barədə daha ətraflı məlumat sabah, saat 9:30-da DƏDRX-in inzibati binasında keçiriləcək İctimai Təqdimatda məlumat veriləcək. Tədbirdə ƏMDK-nın sədr müavini Rafiq Cəlilov, Dünya Bankının torpaq inzibatçılığı üzrə eksperti Viktoriya Stenli, Avropa və Mərkəzi Asiya regionunun torpaq idarəçiliyi üzrə mütəxəssisi Kamil Burqinyon, digər ekspertlər Ayvar Tompson, Aleksandr Köli və Yurq Kaufman, Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Larisa Leşenko, USAİD, KfW Bankının yerli numayəndələri, İsveçrənin SECO təşkilatının nümayəndələri və digər qonaqlar iştirak edəcəklər. Tədbirdə həmçinin daşınmaz əmlakın qeydiyyatında müasir yanaşmalar və vətəndaş məmnunluğu, Layihəsinin İT sistemi: hədəflər və elektron xidmətlər, DƏQ Layihəsi və daşınmaz əmlakın rəqəmsal kadastr xəritələri, məsələləri mövzusunda müxtəlif təqdimatlar ediləcək. Kütləvi İnformasiya vasitələrinin nümayəndələri tədbirə dəvət olunur.