Bu ilin yanvar-mart aylarında Azərbaycanda istifadəyə verilən yaşayış evlərinin sayı və ümumi yaşayış sahəsi ötən ilin analoji dövrü ilə müqayisədə azalıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin birinci rübündə ölkədə ümumi sahəsi 369026,3 kvadrat metr təşkil edən 2819 yaşayış evləri istifadəyə verilib. Bu, əvvəlki illə müqayisədə müvafiq olaraq 23,4% və 29,9% azdır.

Hesabat dövründə istifadəyə verilən yaşayış evlərinin ümumi sahəsindən 118564,5 kvadrat metri və ya 32,1%-i kənd yerlərinin payına düşüb ki, bu göstərici də illik ifadədə 15,2% azalıb.

Fərdi yaşayış evlərinin sayında da nisbətən azalma qeydə alınıb. Belə ki, bu ilin birinci rübündə ümumi sahəsi 342757,1 kvadrat metr təşkil edən 2529 mənzilli fərdi yaşayış evləri istifadəyə verilib ki, bu da 2021-ci ilin yanvar-mart aylarının göstəricisindən müvafiq olaraq 15,2% və 16,9% azdır. Yaşayış sahəsi 118564,5 kvadrat metr olan fərdi evlər kənd yerlərində inşa olunub.

Ümumilikdə, hesabat dövründə yaşayış sahəsi 26269,2 kvadrat metr təşkil edən 290 mənzil dövlət müəssisələri tərəfindən, 342757,1 kvadrat metr yaşayış sahəsi olan 2529 mənzil isə əhali tərəfindən inşa edilib.