Daşınmaz əmlak sahəsində aparıcı beynəlxalq konsaltinq şirkəti “CBRE” tərəfindən Avropa daşınmaz əmlakı bazarında aparılan monitorinqin son nəticələrinə görə, 2015-ci ilin ikinci rübündə qitədə bütün səviyyəli kommersiya daşınmaz əmlakın qiyməti 1,9 faiz artıb. Əsas rolu gəlirlərin dəyişməsi faktoru oynayıb.
AZƏRTAC “AS GROUP İnvestment” şirkətinə istinadla xəbər verir ki, rübün yekunlarına əsasən ən yaxşı nəticələr Fransa və Böyük Britaniyada qeydə alınıb. Burada bütün səviyyəli kommersiya daşınmaz əmlakının qiyməti müvafiq olaraq 3 faiz və 2,4 faiz artıb. Cənubi Avropada da kommersiya daşınmaz əmlakının qiyməti nəzərəçarpacaq dərəcədə (1,6 faiz) artıb.
Mərkəzi və Şərqi Avropada, Niderlanda bir neçə rüb davam edən enişdən sonra, bütün səviyyəli daşınmaz əmlakın qiymətində 0,8 faiz artım müşahidə olunub. Ofislər sahəsində eniş qeydə alınsa da, amma sənaye və ticarət üzrə daşınmaz əmlakda müsbət dinamika nəzərə çarpır. Mərkəzi və Şərqi Avropada sənaye üzrə daşınmaz əmlakda canlanma müşahidə olunması ilə əlaqədar daşınmaz əmlakın qiyməti ötən rübə nisbətən 3 faiz artıb.
“CBRE”in Avropada, Yaxın Şərqdə və Afrikada konsaltinq qiymətləndirməsi üzrə şöbəsinin baş analitiki Metyu Edmonds vəziyyəti belə şərh edib: “Gəlirliyin azalması yenə də Avropada bütün səviyyəli daşınmaz əmlakın aktivlərinin dəyərinin artmasına səbəb oldu. Premium səviyyəli daşınmaz əmlaka yenə də ən böyük tələb var, amma investorlar daha çox riskə meyillənir, ikinci və üçüncü bazarlarda investisiya imkanları axtarır. Maliyyə resurslarının əhəmiyyətli hissəsinin məhz daşınmaz əmlak bazarına yönəldiyini nəzərə alsaq, biz mülayim artımın davam edəcəyini gözləyirik. İcarə haqlarının artımı ilə biz Avropa bazarının bütün sektorlarında canlanma gözləyirik”.
“CBRE”in Rusiyada daşınmaz əmlakın qiymətləndirilməsi şöbəsinin direktoru Svetlana Şorina isə deyir ki, “Avropa bazarlarından fərqli olaraq Rusiyada investisiya fəallığında azalma, aktivlərin qiymətində eniş müşahidə olunur. 2015-ci ilin birinci yarısında Rusiya kommersiya daşınmaz əmlakına yönələn investisiyalarının həcmi keçən ilin analoji müddətinə nisbətən 30 faiz azalıb. İnvestisiya qoyuluşunda əsas diqqət ən az riskli seqmentə – ofislərə yönəlib”.
Kommersiya daşınmaz əmlakının dövri minimal göstəricilərə yaxın olması və aktivlərin qiymətinin yaxın illərdə artımı üçün mövcud potensial, bazarı daha az konservativ strategiyası olan investorlar üçün daha cəlbedici edir.
Mütəxəssislərin fikrincə, Azərbaycanın daşınmaz əmlak bazarında, ötən ilin martından başlayan aktivliyin aşağı düşməsi, öz enmə tempi ilə hələ də davam edir. Təkrar mənzil bazarında aparılan araşdırmalar göstərir ki, ilin əvvəlindən başlayaraq bu vaxtadək, dollarla ifadədə qiymətlərdə 23 faiz enmə müşahidə olunmaqdadır. Belə ki, iyunda ümumi təkliflərin sayı 1590 olduğu halda, bu rəqəm iyulda 1397 təşkil edib.
Təkrar mənzil bazarında qeydə alınan ümumi təkliflərin sayı ötən ilin müvafiq ayı ilə müqayisədə isə 35 faiz azalıb. Araşdırmalar zamanı ən çox müraciət olunan və cəlb edici ərazilər də məlum olub. Bunlar paytaxtın Nəsimi, Nərimanov və Yasamal rayonlarının payına düşüb.