Yüksək neft gəlirləri dövrü Azərbaycanda həyatın bütün sferalarına öz təsirini göstərib. Dəyişikliklər mənzil tikintisindən də yan ötməyib. Daşınmaz əmlak bazarında əsaslı dəyişikliklər baş verir, insanların yeni mənzillərə və evlərə olan tələbləri dəyişir. Daha varlı alıcılar öz diqqətini elit və premium səviyyəli tikililərə yönəldir.
Formalaşmış tələb isə, qiymət artımı ilə nəticələnir. Orta aylıq məvacibi 457 manat olan azərbaycanlı bu qiymət artımını təqib edə bilmir. Halbuki dünyada tanınan ən məqbul formul “orta aylıq məvacibin mənzilin bir kvadratmetrinə bərabər olmasıdır”. Azərbaycanda premium səviyyəli mənzilin bir kvadratmetrinin qiyməti 950 manatdan başlayır. Beləliklə, bir kvadratmetr mənzil almaq üçün Azərbaycan vətəndaşına, yeməsə-içməsə, iki aydan bir qədər çox işləmək lazımdır. Bu MDB ölkələri üçün heç də ən pis göstərici deyil. Belə ki, Rusiyanın Altay diyarında bir kvadratmetr mənzil almaq üçün üç ay işləmək lazımdır. Barnaulda, qiyməti 1,3 mln. rubl olan bir otaqlı mənzil almaq üçün yeddi il altı ay işləmək lazımdır.
Bakıda da premium səviyyəli mənzil bazarında qiymət fərqi kifayət qədər maraqlıdır. “As Group İnvestment”in məlumatına görə, qiymət araşdırması aparılan 14 yaşayış kompleksində qiymətlər 950 manatdan başlayır və 2500 manat üzərində dayanır. Qiymətlərdə bu cür əhəmiyyətli fərqi tikinti şirkətləri mənzillərin parametrləri, yaşayış kompleksinin yerləşməsi və digər göstəricilərlə izah edirlər. Bu halda bir kvadratmetrin orta qiyməti 1725 manat təşkil edir.
Əlbəttə ki, obyektin yerləşməsi qiymətin formalaşmasında çox vacib rol oynayır. Amma bununla yanaşı olaraq tikinti şirkəti premium səviyyəli mənzil alıcısına inkişaf etmiş infrastruktur, ekoloji təmizlik, yüksək səviyyəli təhlükəsizlik, avtoparkinq təqdim etməlidir. Bundan irəli gələrək Azərbaycanda bir çox layihələr öz zövqlərini münasib qiymətlərlə uyğunlaşdıran müştərilərin tələblərinə cavab verir. /marja.az/