Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə, vitse-prezident, akademik İbrahim Quliyev və İşlər idarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev Abşeron rayonu Saray qəsəbəsində salınan “Alimlər şəhərciyi” yaşayış kompleksində aparılan inşaat işlərinin gedişi ilə tanış olublar.

Trend-in məlumatına görə, AMEA rəhbərliyinə kompleksin layihəsi əsasında icra olunan və görüləcək işlər barədə məlumat verilib.

Elm və təhsil işçilərinin yaşayış sahələrinə olan ehtiyacını ödəmək məqsədi ilə salınan “Alimlər şəhərciyi” yaşayış kompleksində inşaat işlərinin müasir standartlara uyğun şəkildə həyata keçirildiyi bildirilib.

Qeyd olunub ki, hazırda ilk binanın yeddinci mərtəbəsində işlər yekunlaşıb və yaxın günlərdə səkkizinci mərtəbənin inşasına başlanılacaq.

AMEA prezidenti, akademik Akif Əlizadə inşaat işlərinin davam etdirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.